"Şahdağ"da dağ xizəyi yarışı başladı
18.02.2023 - 13:44
"Şahdağ"da dağ xizəyi yarışı başladı

Bu gün Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı, eləcə də Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskar dağ xizəyi yarışı keçirilib.

Apasport.az saytının Şahdağa ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, idman tədbirinin keçirilməsinin əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək və insanlar arasında bu idman növlərinə marağı artırmaqdır.

2 gün davam edəcək yarışa öncədən qeydiyyatdan keçən, böyük və uşaqlardan ibarət 12 kateqoriya üzrə 50-dən çox həvəskar xizəkçi qatılıb.

Yarışın 1-ci günündə 3 böyük yaş kateqoriyası üzrə kişi və qadınlardan ibarət xizəkçilər “Slalom Gigant” növü üzrə  mübarizə aparıblar. Qaliblər “Şahdağ” Turizm Mərkəzi və Milli Olimpiya Komitəsi tərəfindən Azərbaycanın tanınmış idmançılarının iştirakı ilə medallar və diplomlarla təltif olunublar, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

İdman tədbiri çərçivəsində, həmçinin fləşmob da keçirilib. Fləşmobda 160 turizm könüllüsü tərəfindən pankartlarla Ümummilli lider Heydər Əliyevin şəkili əks olunan görüntü və “Heydər Əliyev 100 il” yazısı nümayiş olunub.

İdman tədbiri sabah uşaqlar arasında 3 yaş kategoriyası üzrə olmaqla davam etdiriləcək.
 

0