“Qarabağ” və Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev apasport.az saytına müsahibə verib.
- "Qarabağ" ilin son görüşündə "Araz-Naxçıvan"a 2:0 hesabı ilə qalib gəldi. Son matç sizin üçün necə alındı?
- Şükür Allaha qələbə qazanmağı bacardıq. Bizim üçün vacib matç idi. Qalibiyyət sevindiricidir. "Araz-Naxçıvan" yaxşı komandadır. Onlar əbəs yerə turnir cədvəlinin üst pillələrində qərarlaşmayıblar. Həqiqətən də, yaxşı komandadırlar və bunu da bütün matçlarda göstərirlər. Hər halda, biz ilin son görüşünü qalib başa vurmağı bacardıq.
- "Qarabağ" liderliyə və hegemonluğa davam edir. Böyük ehtimalla bu mövsümü də çempion kimi başa vuracaqsız. Demək olar ki, bu sezon öncəki ilə müqayisədə sizin üçün daha asan alınır?
- İndidən çempionluq haqda danışmaq çox tezdir. Çünki hələ mövsümün ilk yarısı başa çatıb. Qarşıda isə bizi mövsümün ikinci yarısı gözləyir, oyunlar çoxdur. Hər şey baş verə bilər. Arxayınlaşmaq qəti olmaz. Biz öz işimizə fokuslanmışıq və mövsümün ikinci yarısının oyunlarını düşünürük.
- "Qarabağ"ın hazırda 5 qapıçısı var. Qolkiperlər arasında rəqabət necə gedir?
- Hər şey yaxşıdır. Biz hamımız komandanın uğurları üçün çalışırıq. Məşqlərdə də, oyunlarda da hər kəs "Qarabağ"ın yaxşı nəticəsi haqda düşünür.
- Maraqlıdır, sizə başqa komandalardan təkliflər var, yoxsa yalnız "Qarabağ"da qalmağı düşünürsən?
- İndi bütün fikirlərim "Qarabağ"la bağlıdır. Məşqlərdə də, oyunlarda da belədir. Komandaya gücüm çatdığı qədər, maksimum dərəcədə kömək olmaq istəyirəm. Başqa heç nə haqda düşünmürəm.
- Bu mövsüm "Qarabağ" avrokuboklarda o qədər də uğurlu çıxış etmir, nəticələrə baxanda, bunu görmək mümkündür. Səncə, nəyə görə belə alındı? Bəlkə, yeni formata öyrəşmək mümkün olmadı?
- Düzü, oyun sarıdan komanda heç də pis görünmürdü. Amma rəqiblərimiz çox ciddi komandalar idi. Güclü rəqiblərlə oynadıq. Üstəlik, bəli, siz dediyiniz kimi, format məsələsi də var. Bu yeni formatdır və ona öyrəşmək lazımdır. Allah qoysa, hər şeyin yaxşı olacağına inanıram. Çünki biz yaxşı komandayıq və mübarizəmizi davam etdirəcəyik.
- Qarşıda daha iki oyun olacaq. FKSB və "Olimpiakos"la görüşlərdə qələbə qazanmaq mümkün olacaq?
- Bizim qarşıdakı oyunlarda da məqsədimiz qələbə qazanmaqdır. Ümumiyyətlə, "Qarabağ" olaraq məqsədimiz hər oyunda qalib gəlməkdir. Allah qoysa, bunun reallaşmasına çalışacağıq.
- Yeri gəlmişkən, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində İslandiya, Ukrayna ilə eyni qrupda yer alacaq. Üçüncü rəqibimiz isə ya Fransa, ya da Xorvatiya olacaq. Bu qrupu millimiz adına necə dəyərləndirirsən?
- Bəli, millimiz çətin qrupda yer alıb. Son illərdə futbol çox güclü şəkildə dəyişib. Hamı çox güclü şəkildə artırıb, inkişaf edib. Biz bu qrupda da hər matçda sona qədər mübarizə aparacağıq. Bundan sonra nə olacağını görəcəyik. Biz mübarizə aparmağa davam edəcəyik.