Samir Abasov: “Qələbəyə görə klubda söz deyəcək axırıncı adamam”
04.02.2024 - 19:03
Samir Abasov: “Qələbəyə görə klubda söz deyəcək axırıncı adamam”

"Bugünkü qələbəyə görə mən klubda söz deyəcək axırıncı adamam. Məndən olsaydı, futbolçularımın konfransda olmasını istərdim. Onlar bu gün qələbə üçün hər şeyi etdilər. Həm “Sumqayıt”, həm də “Neftçi” azarkeşlərinə təşəkkür edirəm. Oyun ritmini saxladılar. Azarkeşlərə səslənirəm. Əvvəl deyirdiz ki, oyun olsun, biz də gələk. İndi oyun da var, nəticə də. Dəstək sizdən, nəticə bizdən". 

Apasport.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 21-ci turunun "Neftçi" ilə oyunundan (2:1) sonra "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Ninqanın çıxışını necə dəyərləndirirsiniz?
- Ümumi komanda bu gün çox yaxşı oynadı. Amma ikinci hissədə bir qədər zəif təsir bağışladıq. Bu da güclə əlaqədardır. Çünki kubok oyununda çox enerji itirmişdik. Kubokda bizim üçün heç nə bitməyib. Düzdür, biz olan tərəf çox güclüdür. “Neftçi”, “Qarabağ”, “Sabah”. Daha bizi bura niyə salırdız? Elə “Qalatasaray”ı gətirərdiz də. 

- Matçın sonlarında çox emosional idiniz. Hətta final fiti səslənməmiş meydana da daxil oldunuz...
- Mən elə bildim oyun bitib. Hakim də penaltidan sonra 1 dəqiqə qaldığını demişdi. Komandamı bölmək istəmirəm. Müdafiə xəttinin mərkəzində yer alan futbolçuların ayaqda qalmaqları, oyuna nəzarət etmələri məni çox sevindirir. Rəqibin təzyiqi altında buna duruş gətirmək çox gözəldir. 

- Demək olar ki, bugünkü qələbə ilə komadanız 3 gün əvvəlki yenilgini sığortaladı? Sanki bu gün başqa motivasiya var idi.
- Başqa motivasiya deməzdim. Bu, kubok oyununun ardı idi. 0:3-dən sonra komanda sına da bilərdi. Amma futbolçularım ayaqda durmağı bacardılar. Kubok görüşündə 0:3-dən sonra 2 qol vurmağımız bugünkü qələbəyə gətirib çıxardı. O qolları vurmasaydıq, bəlkə də bu gün qələbə qazanmazdıq. 

- 1 həftəyə 3 dəfə “Neftçi” ilə oynamaq komandanıza necə təsir edir?
- Mənfi. Bu, oyunlardan da hiss olunur. Üçüncü matç çox çətin keçəcək. 

- 46 yaşınızda ilk qələbə, stadionun açılışında qələbə və “Neftçi” üzərində qələbə. İmkanınız olsaydı, bu üçündən hansı seçərdiniz?
- Stadionun açılışını. 

- Ehtiyat oyunçular skamyasının qısa olması sizi narahat edir?
- Bəli, narahat edir. İş gedir. Amma o barədə düşünmürük. Bundan da çətin vəziyyətlərdə işləmişik. Əsas odur ki, bu tempi sona kimi saxlayaq. Çünki əsas mayda nə olacağıdır. 

- Hazırda ikinci yerdəsiniz. Bu məqam yeni transfer üçün ümid verir?
- Biz də buna ümid edirik. Amma son günlər bütün fikrimizi ancaq stadionun açılışına yönəltmişdik. Bir az uzaq qaldıq transfer çalışmalarından. Amma yenə deyirəm, ümid edirəm ki alınacaq. Alınsa, ehtiyat qüvvəmiz daha geniş olar. Olmasa, əlimizdəki futbolçular “Sumqayıt” üçün hər şeyi edəcək.

0