Saşa Yunisoğlu: “Milliyə dəvət olunanlar ən optimal heyətdir” - MÜSAHİBƏ
19.03.2023 - 14:06
Saşa Yunisoğlu: “Milliyə dəvət olunanlar ən optimal heyətdir” - MÜSAHİBƏ

Azərbaycan milli komandasının veteran futbolçusu Saşa Yunisoğlunun apasport.az saytına müsahibəsi 

- Azərbaycan millisinin AVRO-2024 üçün heyəti açıqlandı. Sizin üçün gözlənilməz adlar oldu? 
- Düşünürəm ki, milliyə dəvət olunanlar elə ən optimal heyətdir. Özü də, görünür ki, Canni de Byazi artıq özü üçün yaxşı tanıdıqlarını yığmaya dəvət edib. Böyük dəyişikliklərə getmədi. Təbii ki, həmişəki kimi 3-4 nəfər milliyə layiq, amma çağırılmayanlar var idi. Düzdür, bəlkə kimsə bizim fikrimizcə millidə olmalıdır. Ancaq hər məşqçinin öz baxışı var və yəqin ki, onun gözündə dəvət olunanlar digərlərindən yaxşıdır. Bu da normal prosesdir. Axırda hesabı məhz Canni de Byazi verəcək. Ona görə onun fikrində olanlar millidədir. 

- Böyük ehtimalla yığmamızın qapısını Avstriya və İsveçlə görüşlərdə Yusif İmanov qoruyacaq. Canni de Byazi özü də bu barədə məlumat vermişdi. Sizcə, yoxlama görüşündə oynamadan ilk dəfə tsikldə, özü də birinci rəsmi oyunda Yusifin qapıda dayanması ona çətinlik yaratmayacaq ki?
- Yusif əsl “Sabah” tələbəsidir. Onun inkişafı gözümüzün qabağındadır. Hazırda göstərilən performansına görə deyərdim ki, Azərbaycanın 1 nömrəsidir. Milliyə dəvət edilməsi mənim üçün sürpriz olmadı. Çünki bu uşaq qısa bir zamanda əsl kişiyə çevrildi və milli komandaya bir gün tez, bir gün gec, dəvət olunacaqdı. Qarşıdan gələn milli oyunlarda Yusif 1 nömrə olmaq üçün etimadı özü qazandı. Təbii ki, həyəcan ola bilər, amma əminəm ki, o, öz işini layiqincə görəcək.  

- Azərbaycan millisinin Avstriya və İsveçə qarşı görüşləri haqda düşüncəniz necədir? Sizcə, iki çətin səfər oyunundan neçə xalla ayrıla bilər? 
- Asan rəqiblər deyil. Bizdən həm reytinq, həm səviyyə baxımından üstündürlər. Çox çətin iki səfər matçları olacaq. Düşünürəm ki, bu oyunlarda hər bir xalı bizim üçün uğur kimi saymaq olar. Bununla yanaşı, demək olar ki, İsveç millisinin oyununda son dövrələrdə açıq-aşkar eniş var. Bu amil millimiz üçün əlavə stimul verə bilər. 

- Yığmanın beş oyunluq qələbəsinə baxmayaraq, bəziləri tam gücümüzü göstərmədiyini düşünür. Siz də bu cür fikirləşirsiz? 
- Bu, futboldur. Komanda udar da, uduzar da. Baxmayaraq ki, millimizin 5 oyunluq qələbəsi seriyası var. Ancaq əsas oyunlar indi başlayır və bu matçlarda millimizin əsl gücünü görə biləcəyik. Belə də, olmalıdır. Çünki məhz bu matçlar üçün komanda aylarla hazırlaşırdı. Bütün yoldaşlıq oyunları keçirirdi ki, optimal formada olsun. 

- Yeri gəlmişkən, vaxtı ilə Türkiyədə legioner həyatı yaşayan biri kimi, Mahir Emrelinin "Konyaspor"dakı çıxışından gözləntin nədir? Səncə, Super Liqada uğurlu qrafik çıxış edə biləcək?
- Mahir Azərbaycanın ən istedadlı oyunçularından biridir. Onun potensialı da legioner həyatı yaşamağa imkan verir. Məncə, Mahir özünü Türkiyədə ən yaxşı tərəfdən göstərəcək. Çünki adaptasiya problemi də yaşamayacaq. Bu mənada, ondan uğurlu performans gözləmək olar. 

0