
Azərbaycan milli komandasının veteran müdafiəçisi Saşa Yunisoğlu apasport.az saytına müsahibə verib.
- Azərbaycan millisi 3 gün öncə Latviya ilə görüşdə qələbə qazana bilmədi. Səncə, nəyə görə bu matçda qalibiyyət alınmadı?
- Rəqibdən asılı olmayaraq azarkeşlər millimizdən qələbə gözləyir. Bu da normaldır. Bu oyunda da hamı düşünürdü ki, millimiz bu dəfə qalib gəlib bizi sevindirəcək. Amma yenə alınmadı. Düzünü desək, Latviyadan üstün oynadıq, qol imkanlarımız da alındı, sadəcə qola çevirə bilmədilər. Düşünürəm ki, futbolçular ağır mövsümdən sonra artıq yorulublar. Çünki bəzi futbolçular ilboyu 50-yə yaxın oyun keçiriblər. Mövsüm bitdi və klublar istirahətdədirlər, amma bu oyunçular əhəmiyyətsiz oyunlara çıxırlar. Məncə, bu suala cavab sadədir, səbəb yorğunluğun və futbolçuların tətilə getmək istəməsinin nəticəsidir.
- Ümumiyyətlə, Azərbaycan artıq özündən üst pillələr bir yana, FIFA reytinqində aşağıda olan rəqiblərə də qalib gələ bilmir. Bunu nə ilə əlaqələndirirsən?
- Səviyyəmiz get-gedə düşür. Artıq reytinqdə bizdən aşağıda olan komandalar da bizimlə oyunlarda sevinirlər ki, nəticə göstərə bilərlər. Dünyada futbol inkişaf edir, ancaq təkcə biz yerimizdə yeriyirik. Buna səbəblər çoxdur və hamı bilir ki, Azərbaycan futbolunun problemləri nədir. Təəssüflər olsun ki, bu problemləri aradan qaldırmağa indi-indi başlamaq istəyirik və açığı desək, çox gecikirik. Birinci və ən böyük problem infrastrukturdur. Əgər Premyer Liqa klubları məşq üçün meydança tapa bilmirlərsə, təsəvvür edin, uşaq futbolunda nələr baş verir. İkinci və digər problemlərdən isə birinci məsələ həllini tapdıqdan sonra müzakirə etmək olar. İnanıram ki, yaxın zamanda sürətlə inkişafa doğru gedəcəyik.
- Fernandu Santuş Azərbaycan millisinə hansısa xeyir verməyi bacarıb? Onun nəsə edəcəyini gözləməyə dəyər, yoxsa onunla yollar ayrılmalıdır?
- Açığı, məhz bu inkişaf mərhələsində Fernandu Santuşun bizim futbola heç bir xeyir verəcəyini düşünmürəm. Santuş kimi məşqçiləri inkişafın axırıncı məqamında bütün istiqamətlərdə hazır olan milliyə gətirmək olar. Yəni, ölkənin güclü çempionatı, hazır infrastrukturu olsun, uşaq futbolu lazım olan səviyyəyə çatsın və an azından 20 azərbaycanlı futbolçu legioner həyatı yaşasın... Albaniya, Türkiyə 1-ci Liqası, Estoniya kimi çempionatları demirəm. Ancaq belə olan halda, xarici, tanınmış məşqçi futbolumuza xeyir verə bilər. Hazırda daha məqsədəuyğun olan millidə yerli məşqçinin işləməsidir.
- Azərbaycan millisi bu cür nəticələr və effektsiz oyunla hara qədər gedə bilər? Daha pis günlər millimizi gözləyir?
- Bundan pis olacağını düşünmürəm. Amma yuxarıda dediyim məqamlar düzəlməsə, millimizdən yaxşı nəticə gözləyə bilmərik. Çünki futbolçuların səviyyəsi buna imkan verməyəcək.
- Yığma komandamız bu gün Macarıstanla qarşılaşacaq. Yəqin ki, həmin görüşdə də uğurlu nəticə gözləməyə dəyməz?
- Yenə də, həmişəki kimi qələbə gözləyirik, bu təbii haldır. Amma reallıq onu göstərir ki, qalibiyyət çətin olacaq. Çünki Macarıstan millisi çox yaxşı komandadır. Ümid edək ki, Macarıstan futbolçuları da ağır mövsümdən sonra səfər oyuna həvəssiz gəlsinlər.
- Millimiz uğursuz nəticələrlə, oyunla Fransaya qarşı nə edəcək?
- Fransa haqqında nəsə danışmaq yersizdir. Çox istəyərdim ki, millimiz Fransaya qarşı layiqli oyun göstərsin. Bu futboldur, hər şey ola bilər. Millimizə uğurlar arzu edirəm.