
Ötən gün futbol üzrə Azərbaycan II Liqasında mövsümün mərkəzi oyunu baş tutdu.
“Şəfa” “Şahdağ Qusar”ı qəbul etdi. Paytaxt təmsilçisi çempion olmaq üçün 3 xal geri qaldığı rəqibi məğlub etməliydi. Görüş 0:0 hesablı bərabərliklə nəticələndi. Bununla da...
...yeni rəqabətin əsası qoyuldu
Azərbaycan futbolunda nəhayət ki, aşağı liqalarda da rəqabət, iki komanda arasında soyuq, lakin meydanda olduqca gərgin münasibətlər yaranmağa başladı. Hansı tərəfdən baxırsınız baxın, amma bu, futbol üçün gözəl bir şeydir. Fərqli şəhərləri təmsil edən komandalar olsalar belə, artıq həmin görüşlər derbi adlana bilər. “Şahdağ Qusar”ın ilk oyunda “Şəfa” azarkeşlərindən bilet tələb etməsinə paytaxt təmsilçisinin cavabı maraqlı alındı. “Şəfa” ev matçında qonaq fanatlar üçün ayrılan sektorun biletlərinin qiymətini 10 manat təyin etdi.
...tribunalarda futbol ab-havası hiss olundu
Biletlərin belə yüksək qiymətə satılmasına baxmayaraq, qusarlı azarkeşlər komandalarını tək buraxmadılar. Qusardan 50 avtobus fanat “Şahdağ” üçün Bakıya gəldi. Şimallılar komandanı özlərinəxas atributlarla, ləzgi xalqına məxsus xüsusi geyimlər, papaqlarla dəstəkləyirdilər. Eyni zamanda qarşı tribuna da rəngarəng idi. “Şəfa” azarkeşləri bayraqlar, pankartlarla oyuna maraq qatmağı bacarmışdılar.
...II Liqa klubu bilet satışından ciddi qazanc əldə etdi
Bilet mövzusundan söz düşmüşkən, burada qeyd olunmalı daha bir məsələ var. Yuxarıda qeyd etdiyim kimi, qonaq tribunasının biletlərinin qiymətləri 10 manat təşkil edirdi. Təxminən 2000 qusarlı azarkeşin matça gəldiyini nəzərə alsaq, qazanc 20.000 manat edir. AFFA II Liqa klublarına mövsüm üçün 50.000 manat verir. Bir oyundan bu vəsaitin təxminən yarısını qazanmaq isə uğurlu marketinq işidir. Hətta Premyer Liqa klublarının bilet satışından bu qədər qazanc əldə etməsi real deyil.
...“ASK Arena”nın ilk sahibi qayıtdı
Uzun zaman sonra “ASK Arena”da dolu tribunalar qarşısında futbol izlədik. Stadionun adı “Şəfa” və ya “İnter Arena” olan zaman bunun çox şahidi olmuşduq. Lakin ad dəyişdikdən sonra xeyli müddətdir ki, həmin arena futbola ac qalmışdı. Nəhayət ki, stadionun ilk adının sahibi olan komanda yenidən yaşıl meydanlara qayıtdı və təbii ki, öz doğma arenasında oynamağa başladı. Hələ uzun illər burada gərgin mübarizələr izləyəcəyimizə ümid edirəm.
...Premyer Liqa oyunları unuduldu
Sözün həqiqi mənasında, “Şəfa” – “Şahdağ Qusar” matçı Premyer Liqanı unutdurmağı bacardı. Azarkeşlər və media nümayəndələri “Qarabağ” – “Sumqayıt” matçına gecikməyi gözə alaraq, bu görüşə üstünlük verdi. Nəticə etibarilə hər kəs də seçimindən məmnun qaldı.
...nostalji hislər yaşandı
Görüş həmçinin televiziya vasitəsilə də canlı yayımlandı. Matç “İdman TV”də futbol izləyicilərinin xidmətinə təqdim olundu. Görüşü isə Rəşad Rafiqoğlu şərh etdi. Matçı televiziyadan izləyənlər bir anlıq 2010-cu illərin əvvəlinə qayıtdı. Gözümüzün önündə Kanales, Flavinyo, Uinston Parks, Giorgi Adamiya, Çumbinyo, Reynaldo kimi futbolçular canlandı.