Sənan Abdullayev: "Bu bizim üçün də, qarşı tərəf üçün də önəmlidir"
27.10.2025 - 13:21
Sənan Abdullayev: "Bu bizim üçün də, qarşı tərəf üçün də önəmlidir"

"Bu, həm PFL, həm də Azərbaycan kuboku üçün yeni mərhələdir".

Apasport.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev "Avrora Qrup"la Peşəkar Futbol Liqası arasında tərəfdaşlıq müqaviləsinin imza mərasimində deyib: 

"Hər iki tərəfin peşəkarlığı bu işdə önəmli rol oynadı. Dəfələrlə bir neçə qurumla bu yöndə danışıqlar olmuşdu, ancaq müəyyən mərhələdən sonra danışıqlar irəliləmirdi. Amma "Avrora "Qrup"dan fərqli, professional yanaşma gördük. Bu gündən Azərbaycan futbolu üçün müəyyən addımların atılmasını qəbullandıq. "Bizon"un təşkilatçılığı ilə tələbələr arasında futbol yarışlarının keçirilməsi, futbol anlayışının olması xüsusi rol oynadı. Sevinirik ki, uzun müddətdən sonra yeni sponsor var. Bizon Azərbaycan kuboku adlanacaq. Bu bizim üçün də, qarşı tərəf üçün də önəmlidir. Azərbaycan futboluna xeyirli olsun".

 

- Aşağı liqalara sponsor tapmaqla bağlı perspektivlər var?

- Təbii ki, bu yöndə işlər davam edir. Kuboka sponsor tapmaqla tilsimi sındırdıq. I Liqa və II Liqa ilə bağlı da planlarımız var. Danışıqlarımız davam edir. Ümid edirəm ki, burada gördüyümüz peşəkar yanaşmanı digər yerlərdə də görərik. 

- Kubokun qalibi üçün xüsusi mükafat nəzərdə tutulub?

- Planlar var. Bütün sirlərin üstünü açmayaq. Mərhələnin ən yaxşı qolunu seçməyi düşünürük. Bu, "Bizon" tərəfində seçiləcək. Media nümayəndələri ilə bağlı da planlarımız var. Böyük vədlər verib yalançı çıxmayaq. Amma müəyyən planlar var. Əminəm ki, Azərbaycan futbolu müsbət nəticəsini görəcək.

- "Bizon" şirkəti maliyyəni ayıracaq. Amma onun necə xərclənəcəyini PFL müəyyənləşdirəcək?

- Qalibə pul mükafatının ayrılması planda yoxdur. Bu, həm bizim üçün, həm də "Bizon" üçün bir sınaqdır, ilkin mərhələdir. Uzunmüddətli ola bilər. Burada qazanılan hər şey Azərbaycan futboluna yönəlməlidir. İlk mərhələ olduğuna görə böyük vədlər verə bilmirik.

Qeyd edək ki, "Avrora Qrup"la Peşəkar Futbol Liqası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Bundan sonra yarış "Bizon Azərbaycan Kuboku" adlanacaq.