Sənan Qurbanov: “Azarkeşlərimizdən üzr istəyirəm”
02.12.2025 - 22:09
Sənan Qurbanov: “Azarkeşlərimizdən üzr istəyirəm”

"Neftçi" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Zirə"yə 0:1 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Apasport.az xəbər verir ki, "ağ-qaralar"ın məşqisi Sənan Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Zirə"ni təhlil etmişdik. Futbolçulara rəqibin zəif və güclü tərəflərini demişdik. Məşq etməyə zamanımız olmadı. Daha çox futbolçuların bərpasına diqqət etmişdik. Rəqibin hücumlarının qarşısını ala bilirdik, bizim hücumlarımız da təhlükəli olurdu. 120 dəqiqənin bitməsinə az qalmış buradığımız qol üzücü oldu. Azarkeşlərimiz çox yaxşı dəstək göstərirdilər. Onlardan üzr istəyirəm".

- Cordan Rezabalanın meydana daxil olması üçün komanda qol buraxmalı idi? 
- Oyun elə gedirdi ki, dəyişiklik etmək çətin idi. Orta xətdən oyunçu çıxarmaq istəmirdik. İkisi də yaxşı oynayırdı. Qol buraxdıqdan sonra Rezabalanı meydana buraxdıq.

- Bassala Sambu cinahda effektli deyildi. Niyə yenə onu eyni bu mövqedə oynatdız? 
- "Zirə" cinahlarda daha təhlükəlidir. Sambu işgüzar futbolçudur. Sarı vərəqə aldı, dəyişdik. Qorxduq ki, 10 nəfərlə qalarıq.

- "Neftçi"nin uğursuzluğunun səbəbi nədir? Varqasa məşqlərdə deyilir ki, futbol komanda oyunudur?  
- Komanda yığılanda orada deyildim. Yaxşı futbolçulardan ibarətdir komandayıq. Tanıdığım, bildiyim oyunçuları meydana buraxdım. Biz iclasları daha çox edirik. Əlbəttə deyirik ki, komanda kimi hücum edib, müdafiə olunmalıyıq. Düzdür, top itkisindən sonra qol buraxdıq. Üzücü məqamdır. Çempionata köklənməkdən başqa yolumuz yoxdur. Ümid edirəm ki, "Neftçi" çempionatda məğlubiyyətə son deyəcək və uğur qazanacaq.

- Komandada psixoloji cəhətdən eniş yaşanır. Bunu necə aradan qaldıracaqsız? 
- Qeyri-stabillik var. Tovuz səfərində komanda pis təsir bağışlamadı. Bu gün də pis deyildi. Psixoloji durumumuz o qədər pis deyil. Bir qələbə, bir pozitivlik komandaya çox kömək edəcək.