![“Simurq” küllərindən doğulur? – Zaqatala futbolu gözləmədə](https://apasport.az/storage/news/2025/february/11/big/67ab1d1e6d78d67ab1d1e6d78e173926735867ab1d1e6d78b67ab1d1e6d78c.jpg)
Daha öncə xəbər verdiyimiz kimi, növbəti mövsüm Misli Premyer Liqasında 12 komanda mübarizə aparacaq. Bu isə 3 yeni komandanın ölkə çempionatına qoşulması deməkdir.
I Liqada bu 3-lüyə namizədlər arasında amansız mübarizə gedir. Nisbətən “Qəbələ” rəqiblərindən uzaqlaşsa da, 2-5-ci yerlər arasında xal fərqi 7-yə bərabərdir.
İlk 5-likdə yer alan komandalardan biri də “Zaqatala”dır. 2015-ci ildə yaranan klub 10 mövsümdür ki, aşağı liqada mübarizə aparır.
“Zaqatala” Premyer Liqaya yüksələcəkmi?
Komanda bu müddətdə çempionatı bir dəfə 2-ci, bir dəfə isə 3-cü pillədə tamamlayıb. “Zaqatala” gümüş medalçı olduğu ildə yalnız “Neftçi”nin əvəzedicilərindən geri qalıb.
Şimal təmsilçisi ötən mövsümü 6-cı pillədə başa vurub. Buna baxmayaraq, keçən sezon komanda üçün əlamətdar hadisə ilə yadda qalıb. Klub nəhayət ki, özünə sponsor tapmağı bacarıb. “Zaqatala” ilə “Music Gallery” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Bu mövsüm isə komanda üçün uğurlu başlayıb. Düzdür, sezonun gedişində bir qədər inamsız nəticələr olsa da, şimallılar özlərinə gəlməyi bacarıblar. Hazırda “Zaqatala” Premyer Liqaya yüksəlmək üçün “Qəbələ”, “Karvan”, “İmişli” və MOİK-lə mübarizə aparır.
Klubun iki əsas üstünlüyü var. Bunlardan biri infrastrukturdur. “Simurq”un vaxtından qalan stadion və bazanı hazırda “Zaqatala” istifadə edir. Həmçinin “Qafqaz əfsanəsi”nin azarkeşləri eynilə rayonun yeni komandasına da dəstək olurlar.
Qəbələ, Yevlax, İmişli kimi, Zaqatala üçün də Premyer Liqa yad deyil. Rayon ilk Azərbaycan çempionatında da təmsil olunub. “Daşqın” 1992-ci ildə 26 komanda arasından 16, 1993-cü ildə isə qrup mərhələsinin üçüncüsü olub. Klub növbəti mövsüm fəaliyyətini dayandırıb.
“Simurq” nə vaxt fəaliyyətini dayandırdı?
Bundan 13 il sonra Zaqatalaya yenidən böyük futbol qayıdıb. Rayonun “Simurq” klubu birinci dəstədə inamlı çıxış edərək Premyer Liqaya yüksəlib. Yüksək dəstədə debütünü 2006-07 mövsümündə edən “Simurq” ardıcıl 9 mövsüm elitada çıxış edib.
Komandanın Premyer Liqada ən böyük uğuru 2008-09 mövsümündə qazanılan bürünc medal olub. Həmin nəticə ilə avrokuboklara yollanan Zaqatala təmsilçisi “Bney Yehuda” ilə qarşılaşıb. İki oyunun nəticəsinə görə 0:4 hesabı ilə məğlub olan “Simurq” üçün avrokuboklarda debüt uğurlu alınmayıb.
Qafqaz nağıllarında bəhs olunan əfsanəvi quşun adını daşıyan klub 2015-ci ildə fəaliyyətini dayandırıb. Komanda mövsümü 5-ci pillədə başa vursa da, maliyyə problemləri səbəbindən “Simurq” ölkə çempionatından çəkilib.
Buna baxmayaraq, Zaqatalada futbol ənənələri davam edib. Elə həmin il “Zaqatala” yaradılıb. Komanda Azərbaycan çempionatının Birinci Divizionunda mübarizəyə başlayıb.
Hazırda klubun üzləşdiyi çətinlik maliyyə problemləridir. Komanda I Liqada mübarizə aparmağa qadirdir. Lakin bu vəsait Premyer Liqa üçün nə dərəcə yetərlidir, bunu demək çətindir.
Zaqatala stadionunun durumu necədir?
Klubun Premyer Liqa şanslarını dəyərləndirməsi və “Zaqatala”nın ümumi durumu barədə məlumat üçün komandanın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxladıq. Onun saytımıza cavabı belə oldu:
“Çox əla qərardır. Bunu illərdir ki, gözləyirdik. Biz komanda sayının daha çox, 14, 16, 18-ə qədər artırılmasını istəyirik. Bu tip çempionatı bezmədən, çoxgedişli həmlələrlə maraqlı hala gətirmək olar. Belə olan halda həm futbolçular, həm də məşqçilər üçün önə çıxmağa şans yaranır. Klub sayı az olduğu üçün əvvəllər bəzi oyunçular itib-batırdı. 10 komandada da yalnız 10 məşqçi işləyə bilirdi. Digərləri arxa planda qalırdı.
I Liqa klublarının üstünlüyü əsasən maliyyədən görünür. “Zaqatala”da isə təəssüf ki, güclü maliyyə yoxdur. Dəfələrlə də klub rəhbərliyi tərəfindən bu barədə məlumatlandırılırıq. Həm Musa müəllim, həm də hazırkı prezidentimiz Şaban müəllim bu barədə çox müzakirələr aparıb. Sponsorumuz var. Amma aldığım məlumata görə, onların ayırdığı maliyyə böyük uğur qazanmaq üçün yetərli deyil. Bu vəsait əsasən uşaq futbolunun inkişafı üçün ayrılıb.
Üstün olduğumuz tərəf isə infrastruktur məsələsidir. Uşaq futbolu, akademiya bizdə yaxşıdır. Premyer Liqada komandamız olmadığı üçün həmin uşaqlar batır. Çox sayda aşağı yaş komandalarımız var.
Hazırda Premyer Liqa üçün heç bir iş görülmür. Hələ heç nəyi təmin etməmişik ki, bu barədə düşünək. Uğurlu nəticələrimiz olsa, düşünmək olar. Bizi 3-cü yerlə 4, 2-ci yerlə 6 xal ayırır. Həmin komandalarla oyunlarımız var. Çalışacağıq ki, həmin görüşlərdən mütləq xal qazanaq. Komandamız Premyer Liqaya çıxsa, ilk növbədə oyun meydançası dəyişdirilməlidir. Çünki örtük yaxşı vəziyyətdə deyil, istismar müddəti bitib. Mütləq şəkildə meydana əl gəzdirilməlidir. Həmişə düşünürük ki, ilk növbədə bu meydanda necə oynamaq, futbolçu yetişdirmək olar.
Bizim azarkeşlərimiz bir az incik, küsmüş haldadırlar. İllərdir ki, böyük futbol həsrətindədirlər. Azarkeşlərimiz Premyer Liqanın Zaqatalaya qayıdışını gözləyirlər. Rəqiblər üçün də region oyunları ağır keçəcək. Tovuz, Gəncə, eynən də Zaqatala. Bu azarkeşlərə sevinc bəxş etmək lazımdır. Amma idman prinsipləri var, biz də bunu bilirik. Ümid edirik ki, qısa zamanda hər şey düzələcək”.
Premyer Liqaya yüksəlmək üçün maliyyə problemləri
Elə biz də ümid edirik ki, hər şey Azərbaycan futbolunun xeyrinə olacaq. Zaqatala kimi tarixi futbol ənənələrinə malik, ilk ölkə çempionatında təmsil olunan, böyük azarkeş kütləsinə sahib rayon yenidən Premyer Liqaya qayıdacaq. Hazırkı mənzərə komandanın işlərinin çətin olduğunu göstərir. Amma kim bilir, bəlkə “Simurq” yenidən küllərindən doğulacaq? Nağılda olduğu kimi...
İsmayıl Xeyrullayev