Qusar Olimpiya İdman Kompleksində 2 fevral - Gənclər Gününə həsr olunmuş üzgüçülük yarışı keçirilib.
Apasport.az saytının məlumatına görə, Sumqayıt Olimpiya İdman Kompleksi ilə birlikdə təşkil olunmuş yarışa Abşeron Olimpiya İdman Kompleksi, Şağan Olimpiya İdman Kompleksi və müxtəlif klubların da təmsilçiləri qatılıb.
Açılış mərasimində çıxış edən Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov qış aylarında sərt hava şəraitinin hökm sürdüyü bir rayonda üzgüçülük yarışının təşkilini əlamətdar hadisə kimi dəyərləndirib. O, ilin ilk üzgüçülük yarışının Gənclər və İdman Nazirliyi tərəfindən elan edilmiş Gənclər Həftəsinə təsadüf etdiyini xatırladaraq, turnirin ərsəyə gəlməsində əməyi keçənlərə, xüsusən, Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru Zeynəb Məmmədyarovaya təşəkkürünü bildirib.
Məmmədov vurğulayıb ki, qış aylarında üzgüçülük hovuzunu saxlamağın ciddi xərc tələb etməsinə baxmayaraq, Qusarda bu idman növünü də inkişaf etdirməkdə və yeni-yeni idmançıları üzə çıxarmaqda qərarlıdırlar. Kompleks rəhbəri kollektivin fədakar əməyinin qarşılığı olaraq, nazirliyin hərtərəfli dəstəyini aldıqlarını diqqətə çatdırıb. Onun sözlərinə görə, Qusar Olimpiya İdman Kompleksi ölkə üzrə orta məktəblərdə I-V sinif şagirdləri üçün ödənişsiz üzgüçülük dərslərinin keçiriləcəyi 5 idman qurğusundan biri kimi seçilib və yaxın günlərdə layihənin icrasına başlanılacaq.
Öz növbəsində, Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru Zeynəb Məmmədyarova yarışın əhəmiyyətindən və yeniyetmə üzgüçülərin inkişafına verəcəyi təkandan danışıb, turnir iştirakçılarına uğurlar arzulayıb.
Qusar rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Zeynal Əsgərov, eləcə də Qusar rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov təşkilatçılara təmsil etdikləri qurumlar adından təşəkkürünü bildirib.
Ardından Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daha sonra turnirə start verilib.
Maraqlı və gərgin mübarizənin yekununda 11 qızıl, 2 gümüş, 2 bürünc medal və estafet yarışında kubok əldə edən Sumqayıt Olimpiya İdman Kompleksinin komandası birinci yeri tutub.
Qusar Olimpiya İdman Kompleksinin isə 3 yetirməsi fəxri kürsüyə yüksəlməyi bacarıb. Abdulla Ağazadə 50 metr məsafəyə sərbəst üsulla üzmədə gümüş, Leyla Saydumova və David Əmiraslanov bürünc medala yiyələnib.
- Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub
- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib