Misli Premyer Liqasında mövsümün ikinci yarısına start verilir.
Apasport.az xəbər verir ki, XIX turun oyunları 3 günü əhatə edəcək.
“Sumqayıt” “Səbail”lə üz-üzə gələcək. Matçöncəsi komandalarda ab-hava yüksək səviyyədədir.
“Gənclik şəhəri” təmsilçisi baş məşqçi Vaqif Cavadovun rəhbərliyi altında həmin görüşün hazırlıqlarını yekunlaşdırmaq üzrədir. Mütəxəssislə müqavilə imzalanmasından sonra kollektivdə üzlər gülməyə başlayıb.
“Sumqayıt” həmin görüşə tam heyətlə çıxacaq. Klubdan verilən məlumata görə, zədəli və ya cəzalı futbolçu yoxdur.
“Səbail”də də atmosfer müsbətə doğru dəyişib. Görünür fasilə “dənizçilər”in işinə yarayıb.
Paytaxt təmsilçisindən verilən məlumatda komandanın sabahkı matça bir itki ilə çıxacağı bildirilib. Belə ki, Yusif Nəbiyev zədə səbəbindən görüşü buraxacaq.
O, fasilədən öncəki son turun “Zirə” ilə matçında sıradan çıxıb. “Səbail”in kapitanı hazırda bərpa prosesi keçir.
“Dənizçilər”in heyətində Yusifdən başqa zədəli və ya cəzalı futbolçu yoxdur. Komanda matçın hazırlıqlarını davam etdirir.
Qeyd edək ki, görüş sabah saat 18:30-da start götürəcək.