Sumqayıtın futbolçusu: "Ümid edirik ki, azarkeşlər hər oyun stadionu dolduracaq" -Müsahibə
05.02.2024 - 20:39
Sumqayıtın futbolçusu: "Ümid edirik ki, azarkeşlər hər oyun stadionu dolduracaq" -Müsahibə

"Sumqayıt"ın rusiyalı legioneri Kamran Əliyev apasport.az saytına müsahibə verib.

- "Sumqayıt" "Neftçi" ilə görüşdə qələbə qazanmağı bacardı. 2:1 hesabı ilə qalib gəldiyiniz matçı necə dəyərləndirirsən? Hər şey istədiyiniz kimi alındı?
- Əsas odur ki, qələbə qazanmağı bacardıq. Azarkeşlərimiz bu qələbəyə çox sevindi. "Neftçi" ilə oyunda yeni stadionumuza bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm. Yaratdıqları atmosfer və dəstəyə görə onlara minnətdaram.

- İlk yarıda "Sumqayıt" daha yaxşı oynadı. Fasilədən sonra nə baş verdi ki, ərazi üstünlüyünü rəqibə verdiniz?
- Biz qələbə qazanmaq üçün ən yaxşısını etməyə çalışdıq. Əsas olan qələbə qazanmaqdır ki, biz də bunun öhdəsindən gəldik. Şadam ki, yenilənmiş stadionumuzda ilk qələbəni qazandıq. Həqiqətən də atmosfer əla idi.

- Qarşıdakı matçlarda da azarkeşlərin eyni atmosferi yaradacağına, tribunaların dolu olacağına inanırsan? Yoxsa, daha çox iddialı klublarla görüşlərdə azarkeşlər tribunanı dolduracaq?
- Bütün komanda olaraq həm ümid edirik, həm də inanırıq ki, bütün ev matçlarımızda aşağı-yuxarı eyni sayda azarkeş olacaq. Biz isə öz tərəfimizdən onları qələbə və yaxşı oyunumuzla sevindirməyə çalışacağıq.  Hər şey mümkündür.

- Hazırda komanda Premyer Liqada 2-ci yerdədir. Bu mövsüm ən yüksək nəticənizdir. Səncə, komandanın mövsümün sonuna qədər bu pillədə qalması realdır?
- Əlbəttə ki, mümkündür. Bunun hamısı özümüzdən, bizdən asılıdır. Hazırkı pillədə qalmaq üçün daha çox çalışacağıq, ən yaxşısını edəcəyik. İnanıram ki, bu, bizdə alınacaq.

- "Neftçi" ilə kubokun cavab oyunu öncəsi bu qələbə yəqin ki, sizi mərhələ keçəcəyinizə daha da inandırır. "Neftçi" ilk oyunda səfərdə sizi 3:2 udub. Səncə, cavab qarşılaşmasında rəqibinizi məğlub edərək yarımfinala adlaya biləcəksiz?
- Çox ağır oyun olacaq. Üstəlik, bu, 10 gün ərzində "Neftçi" ilə üçüncü oyunumuz olacaq. Çalışacağıq ki, ən yaxşı nəticəni qazanaq. Çox inanırıq və çox istəyirik ki, "Neftçi" səddini keçib yarımfinala adlayaq. Ümidvaram ki, hər şey bizdə yaxşı alınacaq.

- Yəqin ki, "Sumqayıt"a gəlməyində əsas səbəblərdən biri də Azərbaycan millisində oynamaq istəyi idi. Amma o vaxtdan bu yana hələ ki, bu baş verməyib. 2024-cü ildə bunun reallaşacağına inanırsan? Ən azından, bu il səni millidə görə bilərik?
- Təbii ki, buna çox inanıram. Özünə inanmasan, heç nə alınan deyil. Milli komandaya dəvət edilib-edilməməyim özümdən asılıdır. Çalışacam ki, milli komandaya dəvətim reallaşsın.

0