Şvarqa: “Bakıya gəlməyimizin məqsədi qələbə qazanmaqdır”
01.08.2023 - 18:36
Şvarqa: “Bakıya gəlməyimizin məqsədi qələbə qazanmaqdır”

“Bu gün burada olmağımıza şadıq. İki eyni gücə malik komandanın qarşıdurmasıdır”. 

Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa deyib.

33 yaşlı mütəxəssis Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la cavab oyununa həsr olunan mətbuat konfransına qatılıb. Şvarqa sabah baş tutacaq görüş barədə fikirlərini açıqlayıb: “Hər iki komanda özünəməxsus oyun stilinə malikdir. Biz bundan öncəki matçda oynadığımıza görə xoşbəxtik ki, bu komanda ilə daha yaxından tanıyaq və "Qarabağ"ın potensialını bilək. Yetərincə hazırlaşmışıq və sabah  "Rakuv"un oyununu göstərməyə hazırıq. Hansı ki, biz bunu hər yerdə göstərmişik”.

- Sabahkı qarşılaşmada ilk oyundakı üstünlüyü qoruyub-saxlamağa çalışacaqsız, yoxsa qələbə qazanmaq istəyirsiz?
- Əlbəttə ki, Bakıya gəlməyimizin məqsədi qələbə qazanmaqdır. Təbii ki, diqqətimizdədir ki, bir top fərqi ilə qalib gəlmişik. Amma sabahkı matçda qələbə qazanmağa çalışacağıq.

- İlk oyundan sonra demisiz ki, "üzümü turşudub "Qarabağ"a tərəf baxırdım ki, onları qorxudum". Bunu bacardız?
- Bu mənim sifətimdir. Mən heç kimi qorxutmağa çalışmamışdım.

- İlk oyunda buraxılan hər üç qolda "Qarabağ"ın qapıçısının səhvi var idi. Bu, sizə psixoloji olaraq üstünlük qazandırır ki, Şahruddin yenə də eyni şeyi təkrarlasın?
- Bu, bizlə əlaqəli deyil. Bizim üçün problem də hesab edilmir. İstənilən halda, oyuna hazırlaşırıq. Əlbəttə ki, hər bir matça hazırlaşanda rəqibin zəif nöqtələrini özümüz üçün qeyd edirik. Amma yenə də, diqqətimizi buna yox, öz oyunumuza yetiririk.

- Ötən mövsüm "Qarabağ" "Lex"ə səfərdə uduzsa da, Bakıda böyük hesabla qalib gəlmişdi. Bu hal sizi nə qədər narahat edir?
- "Qarabağ"ın ötən ilki və digər oyunlarını da analiz etmişik. "Lex"in həmin vaxtkı vəziyyətinə də diqqət yetirmək lazımdır. "Lex" və "Rakov" tam fərqli, gücə, oyun stilinə malikdirlər. Sabahkı oyunda bu kimi məsələ bizim oyunumuza təsir göstərməyəcək.

- Siz dərin analizlərdən sonra daha çox nəyə diqqət yetirirsiz? Komanda üzvlərinin fiziki durumu nə yerdədir?
- "Qarabağ"la matçqabağı bu analizləri açıqlamaq düzgün olmazdı. Oyun sabah olacaq. Analizlərimi burada açıqlayıb, məlumat vermək istəməzdim. Biz hər gün hazırlaşırıq və düşünmürəm ki, fiziki cəhətdən oyunu oynamayacaq durumda olaq. Heç bir problem yaşanmamalıdır.

- Sabahkı matçda nəyə hazırsınız və hansı məqamlarda daha çox şübhələr yaranır, nəyə çox əmin deyilsiz?
- Komandada dəyişikliklər haqda bundan öncə də fikirləşib qərara gəlmişik. Bir soyad var ki, onun haqda bu axşam düşünəcəyik.

- Bu oyunda daha çox təzyiq hiss olunur?
- Keçən ilki "Slaviya" oyunu da olmuşdu. Bu cür çətin matçları biz artıq oynamışıq. Bilirik ki, belə qarşılaşmalar necə alınır. Təzyiqə də hazırıq. Ona görə sabahkı matçda hər şey bəlli olacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Rakuv” matçı saat 20:00-da başlayacaq.

0