Tahir Gözəl: “Qarabağ”ın tarixindəki ən gözəl oyun bu idi”
04.11.2022 - 00:07
Tahir Gözəl: “Qarabağ”ın tarixindəki ən gözəl oyun bu idi”

“Bəlkə də “Qarabağ”ın tarixindəki ən gözəl oyun bu idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

Ağdam klubunun rəhbəri Avropa Liqasının qrup mərhələsinin VI turunun “Frayburq”la Bakıdakı oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, qrup üçüncüsü kimi Konfrans Liqasına düşən komandanın çıxışını dəyərləndirib: “Möhtəşəm oynadıq. Statistikalara baxsaq, 55 faiz top bizdə idi. İkinci hissədə 10 nəfərlə oynamağımıza baxmayaraq, yenə oyuna nəzarət bizdə idi. Ötürmələrin dəqiqliyi 82 faiz idi. Bunlar çox böyük, əlamətdar rəqəmlərdir. İndi bunun nəticəsi bizdən ötrü deyil, “Nant”ın vurduğu qollara görə dəyişdi. Yaddan çıxarmayaq ki, qarşımızdakı Bundesliqanın ən güclü 3 klubundan biri idi. Onların büdcəsi 100 milyonlarladır. Hər bir futbolçuları 3-5 milyonadır. Əlbəttə, “Qarabağ”la fəxr edirəm. Çox gözəl oyun alındı. Hamımız fəxr etdik”.

Gözəl Konfrans Liqasındakı hədəflərdən danışıb: “Hesab edirəm ki, Konfrans Liqasında yenə öz sözümüzü deyəcəyik. Mənim arzum, xəyalım 1/4 final, ondan sonra yarımfinala adlayıb, inşallah finala getməkdir. Biz özümüzə inanırıq. Bunu da deyim ki, bu il Avropanın ən gözəl 3 komandasından birinin “Qarabağ” olduğuna səmimiyyətlə inanıram”.

O, mümkün transferlərdən də danışıb: “İndiki gündə transfer pəncərəsi yoxdur. Bunu düşünmürük. Həmişə “Qarabağ” açıq modeldir və baxırıq. Həmişə axtarırıq”.

Klub prezidenti hakimliyə də toxunub: “Mənə xoş təsir etmədi. Bir az uzaq gəldi. Hesab edirəm ki, qırmızı vərəqəyə layiq deyildik. Çox ağır oldu. Çünki gələcək oyunlarımıza da təsir göstərəcək. Qolumuz da sayılmadı. Bir sevindik, bir üzüldük. Amma belədir, hörmətlə yanaşırıq”.

Gözəl sonadək mübarizə aparacaqlarını da qeyd edib: “Mənim hədəflərim Konfrans Liqasında böyükdür. Onda danışaram. Hələ tezdir. Mübarizəmiz davam edir. Biz millət olaraq qanımızın sonunadək savaşacağıq. Bu gün siz azarkeşlər eşqi, məhəbbəti arxamızdakı gücdür. Bizi bura gətirən nədir? Ali baş Komandanın inamı, xalqımızın inamı, bizim bir-birimizə inamımızdır. Sonadək vuruşacağıq. Hələ deyiləcək sözümüz var”.

Qeyd edək ki, “Qarabağ” Almaniya klubu ilə heç-heçə edib – 1:1.

0