Dünən bir dostumuz "Zirə"nin qolkiperi Tiaqo Silvanın penaltilər seriyasındakı çıxışı barədə bunları yazmışdı: "Qapıçı komandanın yarısıdır, bu dəfə o, komandasının hamısı oldu".
Zarafat deyil, mənə görə klubdaşlarının məsuliyyətsiz davrandığı, yumşaq desəm, günündə olmadığı 11 metrlik cərimə zərbələri zamanı portuqaliyalı "çərçivə qoruyucusu" beş vuruşdan 4-ü "xilas etdi". Əsas və əlavə vaxtı 2:2 hesabı başa çatan oyunda 24 yaşlı kiper xorvat cəbhəsində Petar Puşiç, Kemal Ademi, Pedro Lima və Şimun Mikolçiç "ağ nöqtə"dən hədəfə düşməsinə imkan vermədi. "Zirə"nin braziliyalıları Ruan Renato ilə Rafael Utziq, "Osiyek"də isə Darko Neyasmiç dəqiqliyi seçildi - 2:1.
Bununla, Tiaqo bir növ Avroliqada "Şerif"lə oyunda penaltilər seriyasındakı "günah"ını yudu. Onun bu parlaq çıxışı "qartallar"ın "Osiyek" səddini keçərək tarixində ilk dəfə UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlməsində ən önəmli rolu oynadı. Rəşad Sadıqovun komandasının növbəti rəqibi Kipr təmsilçisi "Omoniya" olacaq.
Qəsəbə klubunun "əlcək sahibi" həmçinin yeni bir rekord da müəyyənləşdirdi. Azərbaycan futbolu tarixində ilk dəfə təmsilçimiz avrokubokların penaltilər seriyasında cəmi 1 qol buraxdı.
Haşiyə çıxaraq bildirim ki, cari mövsümə qədər klublarımızın ardıcıl 10 futbol "lotereyası"nda bəxti gətirməmişdi. Lakin "Sabah" ("Makkabi Hayfa" ilə oyunda) və "Zirə" bu yay sözügedən mövzuda üzümüzü güldürdü.
Bəs görəsən, futbol tarixində oxşar situasiya yaşanıbmı? Bəri başdan deyim ki, bəli, yaşanıb. Düz, 38 il əvvəl. Özü də Çempionlar Kubokunun (indiki ÇL) finalında. Söhbət "Sevilya qəhrəmanı" ləqəbli qapıçı Helmut Dukadamdan gedir.
"Styaua"nın "çərçivəsi"ni qoruyan rumın futbolçu "Barselona" ilə həlledici görüşdə divləşib. "Roman Sançes Pisxuan"da oynanılan finalın 120 dəqiqəsi qolsuz tamamlanıb. Qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələrinə müraciət olunub.
İlk dörd zərbədə Dukadam və onun əslən bask olan kataloniyalı həmkarı Xavier Urrutikoeçea hərəyə iki seyvlə qola imkan verməyib. Buxarest klubunda topa üçüncü yaxınlaşan Marius Leketuş komanda yoldaşları Mixail Majyaru və Laslo Bölönidən fərqli olaraq qapı tirinin də "köməkliy"i ilə hədəfə düşməyi bacarıb.
Bundan sonra "Barsa"lı futbolçuların yaşadığı stress ərşə qalxıb. Bəlkə də bu səbəbdən Piçi Alonso da Alesanko və Pedrasa kimi topu Helmutun sağ tərəfinə ünvanlayıb və eyni aqibətlə üzləşib. Azarkeşlər şokda idi. Dukadam yenə penaltini dəf etmişdi. Urriti isə Qavril Balintin zərbəsi qarşısında aciz qalıb. Son olaraq Markos Alonso (bəli, bizim tanıdığımız futbolçunun eyni ad və soyadlı atası) topu bu dəfə qapıçının soluna vursa da, rumın qapıçı yenə keçilməz olub. Beləliklə, Helmut Dukadamın 4 penalti dəf etdiyi oyunda "Styaua" tarixinin ilk və hələ ki son Çempionlar Kubokunu muzeyinə aparıb.
Lakin Helmut Dukadamın sonrakı karyerası istənilən səviyyədə alınmayıb. Məşhur finaldan qısa müddət sonra nadir qan xəstəliyinə yoluxan oyunçu karyerasına üçillik fasilə verib. Yenidən II divizion klubu "Vaqonul"la futbola qayıdan Helmut əvvəlki formasını bərpa edə bilməyib və 1991-ci ildə butslarını mıxdan asıb.
Elmar Rza