Təbriz Həsənov: “Onlar avrokuboklarda bizi təəccübləndirəcək - MÜSAHİBƏ
27.05.2023 - 17:22
Təbriz Həsənov: “Onlar avrokuboklarda bizi təəccübləndirəcək - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Təbriz Həsənovun apasport.az saytına müsahibəsi

- “Qarabağ” çempionluğu iki turdan əvvəl bayram etdi. Yalnız avrokuboklara yollanacaq dördüncü komanda və Premyer Liqada qalacaq klub bəlli deyil. Sizcə, bu mövsüm yetərincə maraqlı keçdi? "Qarabağ"ın asan çempion olduğunu düşünürsüz?
- Deməzdim ki, Ağdam klubu asanlıqla çempion oldu. Amma çətin də oldu. Sanki bu mövsüm finişə rahat gəldilər. Çempionatımız bu mövsüm maraqlı oldu, "Qarabağ" çempionluğu bayram etdi. Ən maraqlı hadisələrdən biri də, "Sabah"ın ikinci yeri tutması idi. İlk dəfədir "Sabah" Azərbaycanı avrokuboklarda təmsil edəcək. Üçüncü yeri "Neftçi" tutdu. Avrokuboklara yollanacaq dördüncü komandamızın bəlli olmaması da, çempionatın ən  maraqlı hissələrindəndir. Sonuncu tura qədər bilinmir, "Zirə" yoxsa, "Qəbələ" avrokuboklarda iştirak edəcək. Amma "Qəbələ"nin şansı daha çoxdur. Çünki kubokdan və çempionatdan gedə bilər. Ən maraqlısı odur ki, Premyer Liqadan düşəcək komandanın adına iki komanda arasında keçiriləcək oyundan sonra bəlli olmasıdır. Finala bərabər oyun olacaq. Matç Şamaxıda keçirilsəydi, orada daha çətin alınardı. Çünki o meydançada oynamaq daha çətindir. Oyun maraqlı olacaq. "Səbail" və "Şamaxı" arasında hansının daha üstün, daha zəif olduğunu demək çətindir. Şanslar bərabərdir. Hamımız maraqla bu oyunu gözləyirik. Sadaladıqlarıma görə, bu mövsüm çempionatımızın maraqlı keçdiyini söyləmək olar.

- "Sabah" sizcə "Qarabağ"la niyə sona qədər çempionluq mübarizəsi apara bilmədi? Buna təcrübələri, yoxsa keyfiyyətləri, ya gücləri çatmadı?
- Ola bilər, hardasa bir az keyfiyyət, bir az güc. Amma mən onunla əlaqələndirməzdim. Çünki öz aralarında oynadıqları matçlarda 50/50-ə keçirdi. Çox maraqlı alınırdı görüşlər. Bəzi oyunlar oldu ki, "Sabah" "Qarabağ"dan da yaxşı oynayırdı. Başabaş mübarizə getmişdi. Çempionat ərəfəsində "Sabah" favorit olmayan komandalara qarşı xallar itirmişdi. Bunu da təcrübə ilə əlaqələndirə bilərəm. "Qarabağ" artıq bu mərhələni keçib. Onların əsas və ehtiyat qüvvəsi istənilən komandaya qarşı yaxşı oyun nümayiş etdirir. Xal itirməməyə çalışır. “Sabah”da bu olmadı. Elə komandalarla oyunda xallar itirdi ki, çempionatın sonunda onlara lazım oldu həmin xallar. Gələcək illərdə “Sabah” da bu təcrübəni toplayacaq. Favorit və autsayderə qarşı maksimum oynayacaqlar. Bu, futbolçulara aiddir. Meydana çıxıb maksimum oynamaq lazımdır ki, xal itkisi olmasın. İndi zəif komanda anlayışı yoxdur. Bir az boşluq verən kimi, istənilən komanda səndən xal ala bilər. Həmin xallar "Sabah"a çempionluq mübarizəsində mane oldu.

- "Qarabağ"ı yayda avrokuboklarda sınaqlar gözləyir. Komandanın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi üçün çox güclənməyə ehtiyacı var, yoxsa sizcə 1-2 dəyişikliklə komanda istədiyini əldə edə biləcək?
- Düşünürəm ki, güclənməlidirlər. Mən düşünməklə deyil, onlar özləri də yaxşı bilir. Hər zaman eşidirik ki, istədikləri, bəyəndikləri futbolçuların hamısı Azərbaycana gəlmir. "Qarabağ"da belə çətinliklər var. Amma məncə, lazımdır. Artıq həmin mərhələlərə getmək üçün "Qarabağ" daha da güclənməlidir. Həm oyunlarda, həm də transfer məsələlərində komandaya uğurlar arzulayıram. Ümid edirəm ki, "Qarabağ" Çempionlar Liqasının qruplarına düşəcək.

- "Sabah" da Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edəcək. Bu komandadan avrkuboklarda hansı nəticəni gözləmək olar? "Sabah"ın yayda heyətini daha da gücləndirəcəyinig özləmək olar?
- Təbii ki, heyət güclənməlidir. Murad Musayev "Krasnodar"da işləyəndə avrokubok təcrübəsi var. Oradakı komandaların oyun stili və futbolçuları barədə böyük məlumata sahibdir. O da bilir ki, həmin oyunlar yüksək səviyyədə keçir. Məncə, yaxşı transferlər olacaq. Bunlar olmalıdır ki, "Sabah" ilk ilindəcə avrokuboklarda qruplara düşsün. Qrupa düşmək üçün heyət daha da güclənməlidir. "Sabah"a da uğurlar arzu edirəm.

- "Sabah"ın potensial rəqibləri arasında “Brügge” (Belçika), “Gent” (Belçika), PAOK (Yunanıstan) “Makkabi” (Təl-Əviv, İsrail), “Lex” (Polşa), “Viktoriya”(Çexiya), APOEL (Kipr), “Beşiktaş” (Türkiyə), “Legiya” (Polşa), Omoniya (Kipr) kimi rəqiblər var. Sizcə, bu rəqiblərdən hansı iləsə oynaya bilər "Sabah"?
- Bəli, hamısı güclü komandalardır. "Sabah" güclənsə, “Beşiktaş”, “Legiya”, “Makkabi” kimi bu komandalara qarşı da oynaya bilər. Ən azından baş məşqçinin təcrübəsi var. "Sabah"ın da motivasiyası, istəyi yüksəkdir. Onlar avrokuboklarda da ilk ilində də yaxşı oyunu ilə bizi təəccübləndirəcək.

- Sizcə, avrokuboklara "Zirə", yoxsa "QəbəlƏ" getsə, mərhələ adlamaq şansı çox olacaq?
- Bəli, hər ikisinin şansı var. Hansı komandanın avrokuboklara yollanmasından asılı olmayaraq, çox istəyərdim ki, mərhələlər keçsinlər. Əlbəttə, onlar bizdən daha yaxşı bilirlər ki, Azərbaycanı təmsil edirlər və orada yüksək səviyyədə oynamalıdırlar. Hansı komanda güclüdürsə, o da getsin. Hər birinə uğurlar arzulayıram. Çox istəyərdim ki, transfer məsələlərində böyük işlər görsünlər. Ən azından mərhələlər adlasınlar. Hər komandanın avrokuboklardakı çıxışı, Azərbaycan futbolunun üzüdür, simasıdır. Bizim çempionatın güclü və ya zəif olmasıdır. Avrokuboklarda mərhələ adlamağı hər birinə arzulayıram. Görək də, hansı komanda gedəcək. Məncə, bu yay avrokuboklar bütün klublarımız bizi sevindirəcək.
 

0