Türkiyə klubu Qubada təlim-məşq toplanışında
17.05.2024 - 19:42
Türkiyə klubu Qubada təlim-məşq toplanışında

Türkiyənin "ODTÜ Amputant" futbol klubu Azərbaycan milli amputant futbol komandası ilə birlikdə Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.

Apasport.az xəbər verir ki, təlim-məşq toplanışı mayın 25-dək davam edəcək.

Toplanışa Azərbaycan milli amputant futbol komandasının 23 nəfərdən ibarət məşqçi və oyunçu heyəti ilə yanaşı, Türkiyənin "ODTÜ Amputant" futbol klubunun 9 nəfər futbolçusu cəlb edilib.

Qeyd edək ki, Azərbaycan milli amputant futbol komandası iyunun 1-dən 8-dək Fransanın Evian şəhərində təşkil olunacaq Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb. İşğaldan azad edilmiş ərazilərimizdə düşmən tərəfindən basdırılan minaların partlaması nəticəsində xəsarət alan şəxslərdən təşkil olunmuş Azərbaycan komandası Avropa çempionatının final mərhələsində ilk dəfə iştirak edəcək. 16 komandanın mübarizə aparacağı final mərhələsində dünya çempionu Türkiyə ilə yanaşı, İngiltərə, Fransa, İspaniya, İtaliya, Almaniya və Polşa kimi güclü komandalar iştirak edəcəklər.

0