
“Neftçi”nin sabiq forvardı Tyaqo Bezerra apasport.az saytına müsahibə verib.
- "Neftçi" 2024/2025 mövsümünü 6-cı pillədə başa vurdu. Bu barədə fikrin necədir?
- Bəli, nəticəni gördüm. Ümumiyyətlə, "Neftçi" 5 və ya 6-cı olsa belə, komandada vəziyyət çox pisdir. Belə halın yaşandığı birinci il deyil. Komanda 3-4 ildir ki, yaxşı nəticə göstərmir. "Neftçi" 6-cı yerdə bitirdi, 5-ci də bitirsəydi, yenə fərq yox idi. Heç biri yaxşı nəticə deyil.
- Komanda bu mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilmədi. Nə liqada, nə də ölkə kubokunda uğurlu oldular. Yəqin ki, "Neftçi" üçün bundan pis heç nə ola bilməzdi?
- Əlbəttə. "Neftçi" Avropaya getmirsə, demək ki, mövsüm çox pis keçib. "Neftçi" hər mövsüm çempion olmaya bilər. Amma hər mövsüm avrokuboklara vəsiqə qazana bilmirsə, artıq bu, çox pis nəticədir. Ən azından bunu etməlidirlər. Təəssüf ki, bunu da edə bilmirlər.
- "Neftçi" ölkə kubokunun yarımfinal matçında "Sabah"a məğlub oldu. Mövsümün son görüşündə də "Sabah"a uduzdular...
- Düzü, düşünürdüm ki, ən azından mövsümün sonunda "Sabah"ı məğlub edərlər, mövsümü yaxşı notlarla bitirərlər. Amma onu da etmək mümkün olmadı. Çox təəssüf.
- Baş məşqçi postuna Samir Abasov yenidən dəvət edildi. Hansı ki, o, 2021/2022 mövsümündə komandaya çempionluq qazandırmışdı. Səncə, yenidən bunu edə bilər?
- Samir Abasov yaxşı məşqçidir. Liqanı da yaxşı tanıyır, hər şeyi yaxşı bilir. Məncə, "Neftçi" rəhbərliyi Abasovu gətirməklə doğru edib. İnanıram ki, yavaş-yavaş işləri yoluna qoyacaq, toparlayacaq. Onsuz da, gəldikdən sonra komandanı xilas etdi. Çünki "Neftçi" daha da pis nəticələr göstərirdi. Hər halda, çox pis sezonda komandanı liqada saxladı. Çox pis mövsüm keçirdilər. Artıq mövsüm başa çatıb. Ümidvaram ki, yeni sezonla bağlı düşüncələr, planlar var.
- Premyer Liqada "Qarabağ"ın hegemonluğu var. Onlar bu mövsümü də çempion kimi də başa vurdu. "Neftçi"nin bu hegemonluğa son qoya biləcəyini düşünürsən?
- Bilirsiz, bu zamanlar da keçəcək. "Qarabağ" da onsuz hər mövsüm çempion olmayacaq ki. İndi "Qarabağ"ın zamanıdır. Bəlkə də "Neftçi"nin də zamanı geri qayıdacaq. Ümidvaram ki, belə də olacaq. Yaxşı komanda qurmaq lazımdır. Azərbaycanda yaxşı oyunçular da var. "Neftçi"nin yaxşı kollektiv qurması mütləqdir. Bir də, zamana ehtiyac var. Hazırda "Qarabağ"ın hegemonluğu var. Qarşıdakı illərdə "Neftçi"nin də hegemonluğu geri qayıda bilər. Gözləyək, görərik.