"Uşaq liqalarındakı oyunları diqqət mərkəzində saxlayırıq"
30.01.2024 - 14:19
"Uşaq liqalarındakı oyunları diqqət mərkəzində saxlayırıq"

"Uşaq liqalarındakı oyunları xüsusi ilə diqqət mərkəzində saxlayırıq".

Apasport.az xəbər verir ki, bunu Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev deyib. 

5 il müddətinə yenidən prezident seçilən Nadir Nəbiyev ötən illərdə görülən işlər barədə danışıb: “Ötən 5 il ərzində futbolun bölgəmizdə kütləviləşməsi üçün kifayət qədər iş gördük. Hər il müxtəlif səpkili turnirlər təşkil edirik. Ulu öndər Heydər Əliyevin, şəhidlərimizin, veteran futbolçu Sakit Alıyevin xatirə turnirlərini yüksək səviyyədə həyata keçirmişik. Uşaq liqalarındakı oyunları xüsusi ilə diqqət mərkəzində saxlayırıq".

Azərbaycan millisinin keçmiş hücumçusu məşqçilər üçün keçirilən seminarlar barədə məlumat verib: "Məşqçilərin bilik və bacarıqlarının artırılması üçün müraciətimizə əsasən AFFA tərəfindən region məşqçilərinə C kateqoriyalı kurslar təşkil olundu. 20-dən çox məşqçi ilk dəfə olaraq bu kateqoriyaya yiyələndi".

O, bölgələrdə istedadlı uşaqların sayının artdığını düşünür: "İstər Region Liqası, istər II liqada regionumuzu təmsil edən komandalarla sıx təmasdayıq. Mümkün qədər dəstək göstərməyə çalışırıq. Hər il daxili vəsaitimiz hesabına fərqlənən komandalar, futbolçular, məşqçilərə hədiyyələr, diplom və fəxri fərmanlar təqdim edirik. Bölgədəki komandalar əsasən top və inventarla bağlı çətinlik çəkirlər. Bu barədə də daxili imkanlarımız hesabına komandalara dəstək olmuşuq".

Veteran futbolçu gələcək hədəflərdən bəhs edib: "Məqsədlərimiz çoxdur. Bölgəmizdə futbolun inkişafı üçün daim səylə çalışacağıq. Futbolun kütləviliyi baxımından turnirlər təşkil etməyi hədəfləyirik. Əsas prioritetlərimizdən biri regionumuza daxil olan və uzun müddətdir ki, futbolsuz qalan Gədəbəydə uşaq futbolu yenidən dirçəltməkdir. Orada komandanın yaradılmasına, aşağı yaş qrupları üzrə komandaların formalaşdırılıb rəsmi yarışlarda iştirakına köməklik etmək və orada olan məşqçilərin kateqoriya kurslarında iştirakına dəstək olmaq niyyətindəyik. Məqsədimiz Azərbaycan futbolunun inkişafına töhvə verməkdir”.

0