Vadim Abdullayev: "Qarabağ"dan sonra ən yaxşı və ən möhkəm komanda "Araz-Naxçıvan"dır"
16.03.2025 - 16:38
Vadim Abdullayev: "Qarabağ"dan sonra ən yaxşı və ən möhkəm komanda "Araz-Naxçıvan"dır"

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev apasport.az saytına müsahibə verib.

- Komandanız “Şamaxı” ilə görüşdə qalib gələ bilmədi. Səncə, nəyə görə qələbə qazana bilmədiniz?
- Təbii ki, bu oyuna qələbə üçün çıxmışdıq. Yaxşı da hazırlaşmışdıq. Amma qalib gələ bilmədik. Qələbəyə mane olan amillər o idi ki, qol fürsətlərini boşa verdik. Ümumiyyətlə, bu amil son vaxtlar çox yaşanır. Yoxsa, qol epizodları da yaratmışdıq.

- Bu matçda komandanızın iki qolu da sayılmadı. Həmin epizodlarla bağlı fikrin necədir?
- Epizodlarla bağlı irad yoxdur. Düşünürəm ki, hər iki epizodda da hakim doğru qərar verdi.

-  Ramon Maçado və Felipe Santosun yoxluğu komandanın qələbə qazanmasına nə dərəcədə təsir etdi?
- Ola bilər ki, dediklərim şablon kimi çıxar. Amma futboldan anlayışı olan, futbolun içində olan adamlar başa düşür ki, bu və digər futbolçuların yeri görünür. Hər kəs bizim üçün önəmlidir. Zədəli və cəzalı olanlar qayıtdıqdan sonra daha da yaxşı olacaq. Buna çox inanıram.

- "Araz-Naxçıvan” hazırda 3-cü pillədədir. “Turan Tovuz” qalib gələcəyi təqdirdə sizə bir az da yaxınlaşacaq, rəqib xal fərqini 1-ə endirəcək. “Turan Tovuz"un sizə yaxınlaşmaq təhlükəsini hiss edirsiz? Hazırkı durum sizi razı salır?
- "Turan Tovuz" və bizə yaxın olan komandaları təbii ki, izləyirik, məlumatımız var. Amma bu dəqiqə ən çox özümüzə köklənməliyik. Tam səmimi deyirəm, "Qarabağ"dan sonra çempionatda ən yaxşı və ən möhkəm komanda "Araz-Naxçıvan"dır. Bizim bir problemimiz var, o da əfsuslar olsun ki, futbolçuların çoxundan məhrum olmuşuq.

- "Araz-Naxçıvan" sonuncu dəfə 20-ci turda qələbə qazanıb. Səncə, nəyə görə o vaxtdan bu yana çempionatda qalib gələ bilmirsiz ?
- Sadəcə epizodları reallaşdırmaqda çətinlik çəkirik. Ona görə də bəzən maksimum edə biləcəyimiz məğlub olmamaq, xallarımızın üstünə bir xal əlavə etmək olur.

- Növbəti turda “Araz-Naxçıvan”ın rəqibi “Neftçi”dir. Amma millinin oyunlarına görə fasilə yaranacaq və həmin görüş 13 gündən sonra baş tutacaq. Fasilə komanda üçün yaxşıdır, yoxsa necə?
- İnanıram ki, bu fasilə 100 faiz köməyimizə çatacaq. Çünki həm bütün futbolçular qayıdacaq, həm də səhvlərimizi aradan qaldırmaq üçün vaxt olacaq.

- Səncə, ən azından mövsümün sonuna qədər bu pillədə qalaraq avrokuboklara vəsiqə qazancaqsınız? Son oyunlarda sizə nə mane ola bilər?
- Bizə mane olacaq amil yalnız özümüz ola bilərik. Çox yaxşı məşqçi və futbolçu kollektivinə sahibik. Bilirik ki, nəyə qadirik. Məqsədimiz avrokuboklara vəsiqə qazanamaqdır. Allahın köməyi ilə ona da çatacağımıza inanıram.

- Bu dəfə milli komandaya dəvət edilmədin. Səncə, nə ilə əlaqədardır?
- Təbii ki, zədədən sonra nisbətən az oynamağımdır. Mən həyatı boyu haqq etmədiyim şeyi Allahdan istəmərəm. Həmişə nəyə layiq olmuşamsa, onu istəmişəm. İndiki durumda milliyə dəvət edilməməyim düzgün qərardır. Milli bizim evimizdir, nə vaxt layiq olarıq, onda da ora gedərik. İndi ancaq klubun uğurları üçün çalışırıq. "Araz-Naxçıvan"la tarix yazmaq istəyirəm. Bunu edəcəyimizə çox inanıram.