Voyislav Stankoviç: "Neftçi"nin "Beşiktaş”la görüşdə "come back" etmək şansı...” - MÜSAHİBƏ
14.08.2023 - 12:11
Voyislav Stankoviç: "Neftçi"nin "Beşiktaş”la görüşdə "come back" etmək şansı...” - MÜSAHİBƏ

Serbiyanın “Jelezniçar” klubunun futbolçusu, “Neftçi” və “Partizan”ın sabiq müdafiəçisi Voyislav Stankoviçin apasport.az saytına müsahibəsi

- “Sabah” Konfrans Liqasında “Partizan”a qalib gəldi. Bu nəticə sənin üçün gözlənilməz oldu?
- "Sabah" Bakıda "Partizan"dan daha yaxşı idi. Məncə, layiqli şəkildə qalib gəldilər. Həqiqətən yaxşı futbol oynadılar. İndi "Sabah"ın növbəti mərhələyə adlamaq şansı daha çoxdur. Əlbəttə ki, Bakıda "Sabah"ın "Partizan"a 2:0 qalib gəlməsi Serbiyada sürprizdir. Deyirlər ki, necə belə uduzmaq olar? Son 2-3 ildə "Partizan" yaxşı durumda deyil. Çünki çox dəyişikliklər oldu, ötən mövsüm "Partizan" dördüncü yeri tutmuşdu. Klubun tarixində belə olmamışdı. Onlar yaxşı formada deyirlər. 

- Səncə, cütün taleyi həll olunub, yoxsa hər şeyə Belqraddakı matçda aydınlıq gələcək?
- Serbiyada oyun fərqli olacaq, "Partizan" başqa cür oynamağa çalışacaq. Onlar erkən qol vurmaq istəyəcəklər. Bu da "Sabah" üçün əks-hücumlarda rəqibini tutmağa imkan verəcək ki, 1-2 qol vursunlar. Hər halda, Bakı təmsilçisinin növbəti mərhələyə adlamaq şansı daha çoxdur. "Partizan"ı keçmək "Sabah" üçün böyük uğur olacaq. Belqrad təmsilçisinin özü üçün isə böyük biabırçılıq və üzüntü olacaq. Çünki tarixi klubdan söhbət edirik. "Partizan" hər zaman avrokuboklarda, qruplarda oynayıb. Onlar üçüncü mərhələdə uduzaraq çıxışını dayandırsa, böyük uğursuzluq kimi qeydə alınacaq.

- Sabiq komandan “Neftçi” Konfrans Liqasında ilk görüşündə “Beşiktaş”a 1:3 uduzdu. Bu haqda fikrin necədir?
- "Neftçi"nin "Beşiktaş"la görüşdəki məğlubiyyəti hardasa bir az gözlənilən idi. Komandanın yeni baş məşqçisi, yeni oyunçuları var. "Beşiktaş"ın güclü olduğunu bütün dünya bilir. Heyətində yaxşı futbolçular oynayır. Bəlkə də, hesab oyuna görə olmadı. "Neftçi"nin də qol imkanları az deyildi. 

- “Neftçi”nin mərhələ şansı qalıb?
- Məncə, cütün taleyi Bakıda həll edildi. Doğrudur, futboldur, hər şey mümkündür. Cavab görüşü İstanbulda olacaq. "Neftçi"nin böyük "come back" edib, mərhələ adlamaq şansı çox azdır. 

- Adrian Mutu yenidir, yeni gələnlər də az deyil. Səncə, onlar komandaya xeyir verir?
- "Neftçi"yə yenilənir, hələ heç nə görünmür. Nəticələr də ötən ilki kimidir. Sadəcə yeni gələnlərə zaman vermək lazımdır. İnanıram ki, işləri yaxşı gedər. "Neftçi" Premyer Liqadakı ilk görüşünü uduzdu. İnsanlar başa düşür ki, "Neftçi" avrokuboklarda çox ağır rəqiblə düşüb və favorit deyillər. Hər halda, "Neftçi" çempionata fikir verməlidir ki, orada xal itirməsin, xallar qazansın, ən yüksək yerlər uğrunda mübarizə aparsın. Fikrimcə, "Neftçi" artıq Premyer Liqanı düşünməlidir. Doğrudur, bu futboldur, hər şey ola bilər. İndidən əllərini yana salmalı deyillər. Sadəcə "Beşiktaş"ı İstanbulda udub, mərhələ adlamaq üçün böyük nəticə etməsi real deyil. Təki, elə olsun, uğurlar arzulaya bilərəm. Amma "Neftçi"nin "Beşiktaş"la görüşdə böyük "come back" etmək şansı azdır.

0