Vuds Bakıda federasiya prezidenti ilə görüşdü
15.11.2022 - 11:51
Vuds Bakıda federasiya prezidenti ilə görüşdü

Avropa Kanoe Assosiasiyasının prezidenti Albert Vuds Milli Olimpiya Komitəsinin yaranmasının 30 illik yubileyi ilə bağlı Bakıda səfərdə olub. 

Apasport.az saytının məlumatına görə, funksioner səfər çərçivəsində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) rəhbərliyi arasında görüş baş tutub. 

Görüşdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov beynəlxalq assosiasiyanın prezidenti ilə müxtəlif mövzularda fikir mübadiləsi aparıb. Yığıncaqda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə idmana və idmançılara göstərdiyi qayğıdan danışılıb. 

Qeyd olunub ki, müstəqillik illərində Azərbaycan idmançıları çoxsaylı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, həmçinin Olimpiya Oyunlarında həm digər idman növləri, həm də avarçəkmə üzrə yüksək nailiyyətlər əldə edib. Eyni zamanda, avarçəkmə idman növünün hazırkı inkişaf mərhələsindən söhbət açılıb. Bildirilib ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2022-ci ildə bir neçə yarış təşkil edib. Bu yarışlar mayın 6-7-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Prezident Kuboku” və oktyabrın 21-23-də keçirilən “Mingəçevir Reqatası” beynəlxalq turnirlərdir. 

Vudsla AKAF-ın gələcək fəaliyyət planları haqqında da müzakirələr aparılıb. Qarşılıqlı görüşdən məmnunluğunu ifadə edən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına gələcək fəaliyyətində uğur arzu edib. Təşkil olunacaq beynəlxalq yarışlarda dəstək olacaqlarını nəzərə çatdırıb.

0