Yaşar Vahabzadə: "Qarabağ"dan başqa çempionluğa oynayan klub yoxdur" - Müsahibə
09.02.2024 - 20:58
Yaşar Vahabzadə: "Qarabağ"dan başqa çempionluğa oynayan klub yoxdur" - Müsahibə

Bir neçə gün öncə Sumqayıt şəhərində futbol bayramı qeyd edildi. Belə ki, adı çəkilən şəhərdə Mehdi Hüseynzadə adına stadionun təmir və yenidənqurmadan sonra açılışı oldu. 

Apasport.az xəbər verir ki, stadionda keçirilən ilk matçı izləyənlər arasında veteran futbolçu, U-19, U-21 yığmamızın və "Kəpəz"in baş məşqçisi olmuş Yaşar Vahabzadə də vardı. Həm stadionun açılışı, həm də çempionatımızla bağlı mütəxəssisin fikirlərini öyrəndik. 

- Yaşar müəllim, Mehdi Hüseynzadə adına Sumqayıt şəhət stadionunun yenidənqurulmasından sonra açılışı oldu. Bu barədə təəssüratlarınız maraqlıdır...

- Bu gün Sumqayıt şəhərində futbol bayramıdır. "Gənclik şəhəri"ndə stadionun təmiri və yenidənqurmasından sonra gözəl, beynəlxalq standartlara cavab verən futbol məkanı gördük. Bu münasibətlə həm "Sumqayıt" klubunu, həm futbolçuları, həm də azarkeşləri təbrik edirəm. Belə stadionların çox olmasını istərdim. Hazırda Gəncə şəhər stadionu da yenidən tikilir. Sağlıq olsun, 2025-26 mövsümündə orda da açılışı görəcəyik. Amma bölgələrimizdə də gözəl futbol məkanları olsa yaxşı olar. 

- "Sumqayıt" doğma meydanda "Neftçi"ni 2:1 məğlub etdi. "Kimyaçılar"dan belə qələbə gözləyirdizmi? 

- Meydan sahibləri ilk dəqiqələrdən oyuna istəkli başladı və erkən qol vurdu. Onlar bu üstünlüyü sona qədər qorudu. Samir Abasovun komandası layiqli qələbə qazanmaqla bayram əhval-ruhiyyəsini bir az da böyütdü. 

- Sabiq komandanız "Kəpəz" haqqında danışaq. Necə düşünürsüz, "sarı-göylər" elitada qala biləcəklərmi? 

- Komandaya yeni baş məşqçi, yeni nəfəs gəlib. Həm Adil müəllim, həm də futbolçular çox istəklidir. Meydanda döyüşürlər. Hesab edirəm ki, bu əzmi və stabil oyunlarını qoruya bilsələr, istədiklərinə nail olacaqlar. 

- Sizcə, "Kəpəz" yoxsa "Qəbələ" elitada yerini qoruyacaq? 

- Bu barədə fikir bildirməyəcəm. Çünki hər iki komandanın elitada qalmasını istəyərəm. Onsuz da bölgələrdə futbol zəifdir. Bu 2 klubdan birinin aşağı liqaya yuvarlanması bölgədə futbolu bir qədər də zəiflədəcək. Bu gün çalışmalıyıq ki, rayonlarda futbol komandalarını inkişaf etdirək. Baxın, bu gün Qəbələdə yaxşı baza, infrastruktur var. İndi komanda aşağı liqaya düşsə, yaxşı olmayacaq. 

- Çempionatımızın səviyyəsi barədə nə deyərdiz? 

- Ümumi götürəndə çempionatımızda qismən də olsa, canlanma var. Amma favorit komandaların səviyyəsi aşağı düşüb. "Qarabağ"dan başqa çempionluğa oynayan 2-ci klub görmürəm. 

Abdulla İsmayıloğlu

0