Yeni mövsümdə ilk böyük imtahan – “Neftçi”dən nə gözləyək?
22.07.2026 - 10:52
Yeni mövsümdə ilk böyük imtahan – “Neftçi”dən nə gözləyək?

Avrokubok həyəcanı yenidən 8-ci kilometrə qayıdır. İki mövsümlük fasilədən sonra "Neftçi" bu axşam UEFA Konfrans Liqasında "Dinamo Minsk" ilə qarşılaşacaq. Etiraf edək, "Neftçi" üçün bu oyun adi Konfrans Liqası matçı deyil. Son illər yaşanan uğursuzluqlardan sonra komandanın azarkeşə yenidən ümid verməsi, onlarla barışması üçün yaxşı fürsətdir.

Rəqib adından göründüyü qədər qorxulu deyil. Bəli, Belarus çempionatı davam etdiyi üçün rəqib oyun ritmini itirməyib. Bu, onların üstünlüyüdür. Amma son matçlarına baxanda hücumda çox məhsuldar komanda təsiri bağışlamadıqlarını görürük. Daha çox nəticəyə oynayan, müdafiədə səhv etməməyə çalışan kollektivdir. İlk hissədə oyunu yavaşlatmağa çalışsalar, mənə sürpriz olmayacaq. Xüsusilə səfər oyunlarında ehtiyatlı futbol oynayırlar, çox risk etmirlər. Son avrokubok mövsümlərində də böyük rəqiblərə qarşı əsas planları müdafiəyə söykənib. Bu isə "Neftçi"nin topa daha çox sahib olacağı bir oyun vəd edir. 

Məni ən çox maraqlandıran məqam Freddi Varqasın yoxluğudur. Çünki belə matçlarda taktika qədər fərdi keyfiyyət də ön plana çıxır. Standart vəziyyət, uzaq məsafədən zərbə və ya bir uğurlu driblinq oyunun taleyini dəyişə bilir. "Neftçi"nin də məhz belə anlarda məsuliyyəti üzərinə götürəcək futbolçuya ehtiyacı var. Son mövsümdə "Neftçi"nin hücumlarının ritmini dəyişən futbolçulardan biri məhz Varqas idi. Birəbir epizodlarda üstünlüyü, sürəti və cinahda yaratdığı təhlükə bəzən oyunun gedişini dəyişirdi. Onun olmadığı bir oyunda cinahların necə işləyəcəyi böyük sualdır. Bu boşluğu İmad Faraj doldura biləcək? Yoxsa hücum yükü daha çox ən təcrübəlimiz olan Emin Mahmudovun ayaqlarına düşəcək? Onun tempi idarə etməsi, standart vəziyyətlərdə dəqiqliyi və son ötürmələri "Neftçi"nin kilidi aça bilməsi üçün əsas amillərdən biridir. Əgər kapitan günündə olsa, "Dinamo"nun sıx müdafiəsini yarmaq mümkündür. Bunlar matçın ilk dəqiqələrindən hiss olunacaq.

Digər maraqlı məqam isə yeni transferlərdir. Yayda heyətə qoşulan futbolçular yoxlama oyunlarında pis təsir bağışlamadılar. Amma hazırlıq matçı ilə avrokubok atmosferi tamam fərqli şeylərdir. Tribunalar dolu olanda, oyunun qiyməti artanda futbolçunun əsl səviyyəsi üzə çıxır. Bəlkə də bu axşam onlardan biri "Neftçi" azarkeşinin yadında qalacaq ilk oyunu keçirəcək.

"Neftçi"nin emosiyaya yox, səbrə ehtiyacı olacaq. Belə oyunlarda azarkeş ilk 15 dəqiqədə qol istəyir. Amma bəzən ən təhlükəli tələ də elə budur. Komanda tələsib irəli atılsa, "Dinamo"nun əks-hücumları problem yarada bilər. İlk qol gəlməsə belə, panikaya düşməmək vacibdir.

Hiss edirəm ki, bu cütün taleyi Bakıda həll olunmayacaq. Amma "Neftçi" cavab oyunu öncəsi üstünlük qazanmaq istəyirsə, ən azı qələbə ilə yola çıxmalıdır. Möhtəşəm futbol yox, ağıllı futbol bu axşam daha qiymətli görünür. Bəzən avrokuboklarda ən parlaq oyun deyil, ən soyuqqanlı oyun qalib gəlir. "Dinamo" keçilməz rəqib deyil, amma asan da deyil. İlk oyunda emosiyadan çox ağılla oynayan komanda cavab görüşünə üstün psixoloji vəziyyətdə yollanacaq. Bu axşam "Neftçi"dən gözlənilən ilk növbədə gözəl futbol yox, yetkin futbol olmalıdır.