Yeqor Xvalko: "Klub bunu istəyirsə, heç bir problem yoxdur"
26.05.2025 - 18:15
Yeqor Xvalko: "Klub bunu istəyirsə, heç bir problem yoxdur"

"Kəpəz"in kapitanı Yeqor Xvalko apasport.az saytına müsahibə verib. 

- "Kəpəz" son turda "Turan Tovuz"a 0:4 hesabı ilə uduzdu. Bu görüşdəki məğlubiyyəti nə ilə əlaqələndirirsən?
- İlk qoldan öncə Rauf Hüseynlinin qol vurnaq üçün gözəl epizodu var idi. Amma bundan yararlana bilmədik. Sonradan isə sanki komandada dağınıqlıq oldu. 

- Maraqlıdır ki, birinci hissədə 4 qol buraxdınız, amma ikinci yarıda qapınızda top görmədiniz. Fasilədə nə baş verdi?
- Hamı fasilədə sakit idi. Baş məşqçi bildirdi ki, başımızı yuxarı qaldıraq. Çətin anlar olur. Bildirdi ki, əsas odur sona qədər mübarizə aparın. Futbol sizi mükafatlandıracaq. Biz də onu etdik. 

- Bu il "Turan Tovuz"u 5:2 məğlub etmişdiniz. Ola bilər ki, rəqib sizinlə görüşə yüksək motivasiya ilə çıxmışdı? Revanş üçün... 
- Onların meydana necə çıxdığını bilmirəm. Amma bizim də motivasiyamız yüksək idi. Mövsümü qələbə ilə başa vurmaq istəyirdik. Məğlubiyyətdə özümüz günahkarıq. Çünki çox sayda səhvlər buraxdıq. 

- Azər Bağırov bu görüşdən sonra istefa verdi. Lakin istefa verəcəyi artıq oyunun startından bəlli idi. Bu haqda məlumatınız var idi? Bilirdiz ki, Azər Bağırov komandadan gedəcək?
- Bəli, oyundan əvvəl bu haqda xəbərdar idik. Baş məşqçimiz üçün son oyun olduğunu bilirdik. Buna görə də, komandada emosional fon yaxşı deyildi. 

- Artıq uzun müddətdir ki, "Kəpəz"dəsən. Hər dəfə "Kəpəz"də belə olur. Çox sayda baş məşqçi dəyişikliyinə şahidlik etmişik. Səncə nəyə görə belə hallar yaşanır? "Kəpəz"in problemi baş məşqçi məsələsidir?
- Məğlub olanda və ya tapşırığı yerinə yetirməyəndə istefalar olur. Amma bu dəfə mövsümün tapşırığını yerinə yetirmişik. Baş məşqçi ilə yolların ayrılmasının təfərrüatlarını bilmirəm.

- Maraqlıdır, yeni mövsüm səni "Kəpəz"də görəcəyik? Klub sənə yeni müqavilə təklif edib? Özün "Kəpəz"də qalmaq istəyirsən? Mətbuatda yazılanlara inansaq, "Kəpəz" səninlə yollarını ayıracaq...
- Bəli, danışıqlar olub. Amma konkret bir şey yoxdur. Əgər klub bunu istəyirsə, heç bir problem yoxdur, əşyalarımı yığıb gedərəm. 

- "Kəpəz"in yeni sponsoru var və yeni mövsümdən klubun daha yüksək büdcəsi olacaq. Klubun yeni stadionu da inşa edilir. "Kəpəz"in perspektivini necə görürsən, belə iddialı komandada qalmağın mümkündür? 
- "Kəpəz"in 2-3 ildən sonra avrokuboklar uğrunda mübarizə aparacağına inanıram. Ümidvaram ki, hər şey yaxşı alınacaq. 

- Misli Premyer Liqasında başqa klubda oynamaq variantın var?
- Xeyr, digər klublardan təklif almamışam.