Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
01.09.2026 - 15:33
Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026-ya hazırlıq çərçivəsində yerli və xarici azarkeşlərin biletlərə artan tələbatı nəzərə alınaraq Bakı Şəhər Halqasında yeni tribuna quraşdırılıb.

“City” adlanan yeni tribuna Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşir və 678 tamaşaçı tutumuna malikdir. Tribunanın unikal yerləşməsi azarkeşlərə bolidləri trasın bir-birinə paralel iki sürətli hissəsində izləmək imkanı verəcək.

Yeni tribunanın istifadəyə verilməsi ilə Bakı Şəhər Halqasında tribunaların ümumi tamaşaçı tutumu 21 mini keçib.

Yerli və xarici azarkeşlərin Azərbaycan Qran-Prisinə ildən-ilə artan marağı nəzərə alınaraq, infrastrukturun genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son üç il ərzində dörd yeni tribuna quraşdırılıb, tribunaların ümumi tutumu isə 6 mindən çox yer artırılıb.

Qeyd edək ki, 2025-ci ildə keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin yarış həftəsonu ərzində ümumilikdə 90 mindən çox iştirak qeydə alınıb.

Hazırda Bakı Şəhər Halqasında 2026-cı il Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi ilə əlaqədar tribunaların quraşdırılması üzrə işlər son mərhələdədir.

Xatırladaq ki, Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 24-26 sentyabr tarixlərində keçiriləcək.