Zaur Həşimov: “Yığmada bu, yenə hansısa eksperimentlərin başlanğıcı olacaq”
30.03.2023 - 13:41
Zaur Həşimov: “Yığmada bu, yenə hansısa eksperimentlərin başlanğıcı olacaq”

"Canni de Byazini göndərib yerinə yenə legioner məşqçi gətirəcəklərsə, bu, yenə də hansısa eksperimentlərin başlanğıcı olacaq". 

Bunu apasport.az saytına Azərbaycan milli komandasının sabiq müdafiəçisi Zaur Həşimov deyib. 

O, Canni de Byazinin rəhbərlik etdiyi yığmanın AVRO-2024-ün seçmə mərhələsinin ilk iki turundakı uğursuzluğunu şərh edib. Həşimov bildirib ki, Avstriya və İsveç millilərinə məğlubiyyətlərin bir yox, bir neçə səbəbi var: “Bunlardan ən vacibi hər iki komandanın bizi bütün komponentlərdə üstələməsi oldu. Ancaq yenə də, bu hesablarla məğlub olmamalı idik. Bu hesaba aparan səbəblər isə məşqçinin verdiyi bir neçə həlledici qərar oldu. Bu barədə geniş danışmaq istəmirəm. Qısa desək, baş verənlər yenə də göstərir ki, yığmamızda yerli məşqçi işləməlidir. Komandamızda bütün futbolçuları yaxşı tanıyan, mentalitetimizi bilən, ən əsası milli ruhu futbolçulara aşılamağı bacaran yerli məşqçiyə güvənmək lazımdır. İndiki nəsil futbolçularla yaxşı oyun göstərmək olar”.

Onun sözlərinə görə, biabırçı məğlubiyyətlərdə milliyə cavabdeh olan hər bir şəxsin “payı” var: “Canni de Byazi bir il Emin Mahmudovu bəyənməyib, sonra ona millidə kapitan sarğısı verir. Yığmaya sağ müdafiəçi dəvət etməyib, orada libero oynadır. Hazırda bu məsuliyyəti üzərinə götürə biləcək bir neçə məşqçimiz də var. Yerli məşqçiyə güvənib, ona dəstək vermək lazımdır".

Həşimov milli komandamızın növbəti görüşlər üçün şanslarını da dəyərləndirib: "Növbəti oyun Estoniya millisinə qarşı olacaq. Onlarla oyunda qələbəyə ümid etdiyimiz kimi, rəqib də bizdən xal almağı hədəfləyib. Qalib gəlsək belə, bu, bizi aldatmamalıdır. Necə ki, son beş oyunluq seriyasının eyforiyasına qapılmışdıq".

Qeyd edək ki, yığma Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.

0