Basketbolçularımız Şimali Makedoniyaya qalib gəldi
07.08.2026 - 14:30
Basketbolçularımız Şimali Makedoniyaya qalib gəldi

Azərbaycanın U-18 qızlardan ibarət basketbol millisi Avropa çempionatında növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, Rumıniyanın Tulça şəhərində təşkil olunan B divizionunda mübarizə aparan yığmamız 17-20-ci yerlər uğrunda görüşdə Şimali Makedoniya seçməsi ilə qarşılaşıb.

Evren Alkayanın rəhbərlik etdiyi komanda ilk hissəni 40:42 hesabı ilə geridə başa vursa da, ikinci yarıda əzmkar oyun nümayiş etdirərək rəqibini 75:73 hesabı ilə məğlub edib.

Qarşılaşmanın ən yaxşı basketbolçusu (MVP) millimizin üzvü Deniz Gökçöl seçilib. O, görüşdə 19 xal toplayıb və 4 ribaunda imza atıb.

Qeyd edək ki, yığmamız növbəti oyununu avqustun 8-də keçirəcək. Bakı vaxtı ilə saat 12:00-da başlayacaq qarşılaşmada komandamız Estoniya seçməsi ilə üz-üzə gələcək.