
“Şəki” basketbol komandasının baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin “Gəncə” ilə üçüncü oyununu dəyərləndirib:
“Komandamla qürur duyuram. Uşaqlar hər şeyə layiqdir. “Gəncə”ni də gözəl oyuna görə təbrik edirəm. Onlarla 7 matç keçirib, 4-də qalib gəldik. Bu matçda texniki cəhətdən zəif oynaya bilərik. Amma oyunda heç vaxt qələbədən vaz keçməyən komandamız vardı. Biz bu fəlsəfə ilə komandanı qurmuşuq. “Şəki” daha öncə növbəti mövsüm A qrupunda oynamaq hüququ əldə etdi.
Növbəti rəqibimiz “Sabah” Çempionlar Liqası üçün qurulmuş heyətə malikdir. Oradan düşdükdən sonra bu mövsüm Avropa Kubokunda da oynayıb. Səviyyə fərqi olsa da, eyni cür mübarizəyə davam edəcəyik. Bəlkə bir sürpriz edə bilərik. Hamıya maraqlı bir matç göstərmək istəyirik. Oyunçularım hörmətə layiqdir. Hər şey onların əsəridir”.
Qeyd edək ki, “Şəki” üçüncü qarşılaşmada “Gəncə”yə 85:83 hesabı ilə qalib gəlib.