“Çempionatı çox yaxşı səviyyədə keçirdik” - Teymur Hüseynov
27.04.2024 - 20:30
“Çempionatı çox yaxşı səviyyədə keçirdik” - Teymur Hüseynov

"Mövsümün son oyunu olduğu üçün uşaqlar tam köklənə bilmədilər. Hərçənd qələbə qazanmağa yaxın idik”.

Apasport.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Teymur Hüseynov deyib.

Mütəxəssis Azərbaycan Basketbol Liqasının XVIII turunda “Gəncə”yə 82:86 hesabı ilə uduzduqları matçı şərh edib: “Matçın sonlarında səhvlər məğlubiyyətə yol açdı. Məşqçilər heyəti adından uşaqlara mövsümdəki çıxışlarına görə təşəkkür edirəm. Biz çox gənc komandayıq. Mövsümün gedişində heyəti formalaşdırdığımızı nəzərə alsaq, çempionatı çox yaxşı səviyyədə keçirdik. Unutmayaq ki, mövsümün əvvəlində 3 legionerlə oynayırdıq”.

Mövsümü başa vuran “Sumqayıt”ın çalışdırıcısının sözlərinə görə, pley-offa yüksəlmək üçün bəxtləri gətirməyib: “Halbuki çox az qalmışdı. Sadəcə NTD-İNDİQO və "Xırdalan"a yersiz məğlubiyyətlər işimizi korladı. Ümid edirəm ki, növbəti mövsüm daha yaxşı çıxış edəcəyik. Basketbol azarkeşlərinə isə maraqlı keçəcək pley-off oyunlarını izləməyi tövsiyə edirəm".

Qeyd edək ki, “Sumqayıt” mövsümü 24 xalla 7-ci pillədə bitirib. “Gəncə” isə 23 xalla 9-cu olub.

0