Yığmamız serbiyalı baş məşqçiyə tapşırıldı
19.05.2022 - 18:49
Yığmamız serbiyalı baş məşqçiyə tapşırıldı

Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub. 

Apasport.az saytının məlumatına görə, yığma serbiyalı mütəxəssis Aleksandar Trifunoviçə həvalə edilib. 

Onun köməkçisi litvalı Aurimas Jasilionis  olacaq. 

Baş məşqçinin qarşısına ilkin mərhələdə müəyyən şərtlər qoyulub. O, 28 iyun - 3 iyul Maltada keçiriləcək kiçik ölkələr arasında Avropa çempionatının C divizionunda komandamızla uğur qazanmalıdır. Bu və digər bir neçə nəticə bəlli olduqdan sonra məşqçi ilə müqavilənin uzadılması və ya xitam verilməsi məsələsinə baxılacaq. 

Yığmanın sabiq baş məşqçisi Samit Nuruzadə əsas komandada məsləhətçi vəzifəsini icra edəcək. 

Aleksandar Trifunoviç 1967-ci ildə Serbiyanın paytaxtı Belqradda anadan olub. İdmançı karyerası ərzində ölkəsinin "Srvena Zvezda" (1986-88, 1991-97) və "Atlas" (2000-2001), Xorvatiyanın "Zadar" (1988-91), İsveçrənin "Fribur Olimpik" (1997-98), Polşanın "Şlensk Vroçlav" (1998-2000) klublarında çıxış edib. 1993 və 1994-cü illərdə Yuqoslaviya çempionu olub.   

Məşqçilik karyerasına 2002-ci ildə “Srvena Zvezda”da başlayıb və bir mövsüm köməkçi olmaqla üç mövsüm bu klubun uğurları üçün çalışıb. 2006-07 və 2007-08 mövsümlərində Litvanın “Letuvos Ritas” klubunda ilk mövsümdə köməkçi, ikincidə isə baş məşqçi olmaqla iki il fəaliyyət göstərib. Daha sonra serbiyalı mütəxəssis 2008-09 mövsümündə Yunanıstanın “Panionios”, 2009-10-da “Srvena Zvezda”, 2010-11-də Litvanın “Letuvos Ritas”, 2011-12-də “Jalqiris”, 2013-15-ci illərdə Qazaxıstanın “Astana”, 2016-17-də Türkiyənin “Yeşilgiresun Belediye”, 2017-18-də “Pınar Karşıyaka”, 2019-cu ildə Bosniya və Herseqovinanın “İqokeya” klublarında baş məqçi kimi fəaliyyət göstərib. Serbiyalı məşqçinin son iş yeri 2020-ci ildən çalışdığı Rusiyanın “Ximki” klubu olub.  

Mütəxəssis baş məşqçi kimi 2007-ci ildə Litvanın “Letuvos Ritas” klubu ilə Baltik Liqası çempionu, 2012-ci ildə eyni ölkənin "Jalqiris" klubunu çalışdırarkən Litva çempionu və eyni zamanda ölkə kubokunun qalibi olub. O, həmin ildə "Jalqiris"lə həm də Baltik Liqasını qazanıb.

1