Ağasəlim Mircavadov: “Onlar nüfuz üçün Millətlər Liqasını qazanmalıdır”
07.06.2022 - 17:03
Ağasəlim Mircavadov: “Onlar nüfuz üçün Millətlər Liqasını qazanmalıdır”

Bu gün Millətlər Liqasının “Ölüm qrupu”nda II turun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, son Avropa çempionu İtaliya Macarıstanı qəbul edəcəksə, dünya çempionatının finalçısı İngiltərə Berlində Almaniyanın qonağı olacaq.

Futbol veteranı Ağasəlim Mircavadov hər iki oyunla bağlı fikirlərini bölüşüb. Azərbaycan millisinin sabiq baş məşqçisi bu cütlüklərdə Almaniya və İtaliyanı şanslı sayır:

“Almaniya – İngiltərə oyununu iki nəhəng yığmanın dueli kimi qələmə verərdim. Hər iki komandanın əvvəlki matçlarını tam izləmişəm. Hiss olunur ki, nəhənglər Millətlər Liqasına elə də ciddi yanaşmırlar. Amma bu oyun tarixə düşdüyü üçün ortada prestij məsələsi var. Əzəli rəqiblər olduğu üçün hətta yoldaşlıq görüşündə də üz-üzə gəlsələr, hər ikisi üçün nəticə vacib olur.

İngiltərə son matçlarını yaxşı keçirmədi. Hiss olunur ki, heyət baxımından kasadlıq var. Halbuki aparıcı oyunçuların çoxu Macarıstanla görüşdə meydanda idi. Almaniya isə gənclərin çoxluq təşkil etdiyi yeni heyət qurur. Bu səbəbdən üstünlüyü Almaniyaya verirəm.

İtaliyanın həm Argentina, həm də Almaniya ilə oyunlarını izlədim. Argentinanın çıxışını çox bəyəndiyimi deməliyəm. İtaliya indi ad-san, nüfuz üçün Millətlər Liqasını qazanmalıdır. Çünki komanda dünya çempionatına vəsiqə qazana bilmədi və imici qaytarmaq lazımdır. İtaliya kimi Avropa çempionu olmuş komandanın səhv eləməyə haqqı yoxdur. Bir səhv onları dünya çempionatından kənarda qoydu.

Macarıstan, Norveç, Danimarka kimi ikinci dərəcəli yığmalar Millətlər Liqasında daha həvəsli çıxış edirlər. Amma bugünkü qarşılaşmada İtaliyanın qalib gələcəyini düşünürəm. Skuadra Adzurranın heyətində yenidənqurma işləri aparılır. Ancaq yenə də bu gün nəyin bahasına olursa-olsun qələbə üçün çalışacaqlar”.

Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

0