Avroliqa tarixində ilk - Türkiyəli qolkiper dalbadal 3 penaltini dəf etdi
03.10.2025 - 00:56
Avroliqa tarixində ilk - Türkiyəli qolkiper dalbadal 3 penaltini dəf etdi

“Lill”in qapıçısı Berke Özer Avropa Liqasının II turunda “Roma”ya qarşı matçda ard-arda üç penaltini geri qaytarıb.

Apasport.az xəbər verir ki, Fransa klubu səfərdə İtaliya təmsilçisini 1:0 hesabı ilə məğlub edib.

İkinci hissədə baş hakim Erik Lambrexts Fransa klubunun qapısına penalti təyin edib. 82-ci dəqiqədə Artyom Dovbikin zərbəsini Özer dəf edib, lakin qapıçı xətdən irəli çıxdığı üçün hakim zərbənin təkrarını tələb edib.

Türkiyəli qolkiper ikinci zərbəni də geri qaytarıb, amma eyni səbəbdən bu zərbə də təkrar olunub. 85-ci dəqiqədə Matias Soulenin zərbəsi də Özer tərəfindən dəf olunub.

Beləliklə, 25 yaşlı qapıçı üç dəqiqə ərzində üç penaltini geri qaytararaq turnirin tarixində bir ilkə imza atıb.

Qeyd edək ki, "Lill" Berkeni mövsümün əvvəlində “Göztəpə”dən 4,5 milyon avro qarşılığında transfer edib.