Emin Mahmudov: “Bizi ağır oyun gözləyir”
04.09.2025 - 21:44
Emin Mahmudov: “Bizi ağır oyun gözləyir”

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz səfərdə İslandiya ilə qarşılaşacaq.

Apasportun Reykyavikə ezam olunan əməkdaşı xəbər verir ki, yığmamızın üzvü Emin Mahmudov qarşılaşmadan əvvəl mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:

"Bizi ağır oyun gözləyir. Neçə gündü burdayıq. Hazırlaşmışıq. İnanıram ki, biz futbolçular məşqçimizin taktikasını yerinə yetirib yaxşı nəticə qazanacağıq". 

– Bir müddət idi millinin heyətindən kənarda qalmışdın. Sabah yığmadakı qol rekordunu yeniləyə bilərsən. Bu barədə düşünmüsən?
– Açığı, bu barədə çox düşünmürəm. Demək olar ki, hər oyundan əvvəl bu sual verilir. Mən daha çox komandanı düşünürəm. İstəyim odur ki, komandaya xeyrim olsun və qələbə qazanaq.

– “Qarabağ”ın sabiq qapıçısı Haldorsson bu gün açıqlama verib ki, Azərbaycanın şansı yoxdur. Yəqin xəbəriniz olmayıb. Bəlkə bunu futbolçulara sən deyəsən?
– Məlumatımız yox idi, sağ olun ki, dediniz. Bu, bizim üçün əlavə motivasiya olacaq. Onsuz da motivasiyamız yüksəkdir. Bu sözlər xoş deyil, amma çalışacağıq ki, sabah öz sözümüzü meydanda deyək.

– Kapitan sarğısını daşımaq sənin üçün necə məsuliyyət olacaq?
– Mən uzun illər kapitan olmuşam. Yenə də bu, məşqçinin qərarıdır.

– 2008-ci ildə Azərbaycan İslandiyadan 1:1 hesabı ilə qayıtmışdı və futbolçularımız nəticəyə görə məyus olmuşdular. O vaxt İslandiya bir qədər zəif idi. Bəs indi necədir?
– Məncə, indi necə nəticə olacaqsa, ona uyğun sevinəcəyik və ya məyus olacağıq. İnanırıq ki, qələbə qazanacağıq.