
DÇ-2026-nın seçmə mərhələsinin İslandiya - Azərbaycan matçından (5:0) sonra millimizin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
"İlk hissədə komanda yaxşı müdafiə olundu. Düzdür, top daha çox rəqibdə idi, amma ilk yarıda arxa xətdə yaxşı idik. Çalışırdıq ki, müdafiə olunaraq əks-hücumlara çıxaq. Çətinlik yaradırdıq, standart vəziyyətlərdən istifadə etməyə çalışırdıq. İlk yarının sonlarında qol buraxdıq. İkinci hissə başlayan kimi ikinci topu qapımızda gördük. Fasilədə oyunçularıma tapşırdım ki, sakitləşsinlər, tələsməsinlər. 2-ci qolu buraxdıqdan sonra komanda aşağı düşdü. Dəyişliklər etdim ki, futbolçular buna reaksiya versin, amma olmadı".
- Bilmirsiz, İslandiyadan Portuqaliyaya birbaşa uçuş var?
- Bilmirəm.
- Karyeranızda heç istefa vermisiz? Bunun üçün nə lazımdır?
- Xeyr.
- Səbəb nədir?
- Müqaviləm var.
- Xahiş edirəm şəxsi qəbul etməyin, rüsvay olan azərbaycanlı, rüsvay baş məşqçiyə sual verir. Siz gələndə Millətlər Liqasında C divizionunda idik. Gəldiz, bizi D divizionuna saldız. Bu gün qrupdakı ən zəif komandaya 0:5 hesabı ilə uduzuruq. Meydana sonradan daxil olan futbolçuların 5-dən 3-ü müdafiəçi idi. Futbolda analoqu olmayan əvəzetmələr etdiz. Başa düşdüm ki, sizin istefa vermək fikriniz yoxdur. Mütləq ki, sizə təzminat verib yola salsınlar? Karyeranızda kifayət qədər pul qazanmısız. Bəs özünüzə hörmətiniz? Özünüzə hörmətiniz yoxdur?
- Az öncə dediyim kimi, müqaviləm var. Ona uyğun iş görürəm. İstəyirəm ki, əlimdən gələni edim.
- Həm start heyətdə səhv etdiz, həm də gedişatı dəyişə bilmədiz. Etiraf edirsiz ki, səbəbkar sizsiz?
- Qolu ilk hissənin sonunda buraxdıq. Çalışdım ki, taktikanı dəyişim, 4-3-3-ə keçim. Amma futbolçular ruhdan düşmüşdülər. Bu, tək mənim günahım deyil, hamının məsuliyyətidir.
- Artıq nüfuzunuzdan heç nə qalmayıb. Hara qədər davam etməyi düşünürsüz?
- Bu, AFFA-nın qərarıdır. İstəsələr danışarıq, həll edərik.
- Hamı düşünür ki, ən aciz milli budur. Bu sizə necə hiss etdirir?
- Mən bunu qəbul etmirəm. Demirəm ki, yaxşı oynadıq. Mən və futbolçular birlikdə məsuliyyət daşıyırıq.
- Əgər İslandiyaya 0:5 hesabı ilə uduzuruqsa, Fransa və Ukrayna necə olacaq?
- Ümid edirəm ki, birlikdə daha yaxşı çıxış edərik. Hamımız cəzalandırılmalıyıq, tək mən yox. Futbolda ən asan iş baş məşqçini cəzalandırmaqdır. AFFA düşünsə ki, işə yaramıram, bu barədə mənimlə danışar.
- Taktika uzun toplar idi?
- Düşünürəm ki, nəyi yaxşı etmədiksə, bunun üzərində çalışmalıyıq. Soyunub-geyinmə otağında hamı başıaşağı idi. Onlar da belə tez ruhdan düşməməlidirlər. Başa düşürəm, ilk hissənin sonunda qol buraxmaq ruhdan salır. İkinci hissənin startı daha da çətin oldu. Amma ruhdan düşməməli, başımızı dik tutmalı idik. Vəziyyəti başa düşürəm, çalışıram ki, işimi yaxşı yerinə yetirim. Son olaraq yenə deyirəm, düşünürlərsə getməliyəm, AFFA mənlə danışmalıdır. İstefa verməyəcəm.