Niderland Polşanı “dişinə çəkəcək” - PROQNOZ
11.06.2022 - 12:39
Niderland Polşanı “dişinə çəkəcək” - PROQNOZ

Bu gün Millətlər Liqasında qrup mərhələsinin III turunun son oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, A liqasının 4-cü qrupunun lideri Niderland Rotterdamda Polşanı sınağa çəkəcək.

“İdman TV”nin əməkdaşı Tahir Mirzə bugünkü qarşılaşma ilə bağlı öz proqnozunu verib. Niderland yığmasının azarkeşi kimi tanınan həmkarımız sevimli komandasının növbəti qalibiyyəti əldə edəcəyini düşünür:

2010 və 2014-cü illərdə keçirilən dünya çempionatlarından sonra, nəhayət ki, Niderland millisinin normal oyunlarını izləyə bilirik. Dünyaya məşqçi istehsal edən ölkənin futbol federasiyası bəzən millinin sükanını elə mütəxəssisə həvalə edir ki, təəccüblənməyə bilmirsən. 2014-cü ildə “narıncılar”a dünya çempionatında bürünc medal qazandıran Lui van Qalın gedişindən sonra komanda bərbad məşqçi seçiminə görə ardıcıl 2 böyük turnirdən kənarda qaldı. Nəhayət, geri qayıdan xilaskar van Qal millini DÇ-yə çıxarmaqla yanaşı, Millətlər Liqasında da dominant komanda necə olmalıdır nümunəsini göstərir.

Səfərdə Belçikanı darmadağın edən, Uelsi əzmkarlığı sayəsində üstələyən “narıncılar” iştahın diş altında olduğunu nəzərə alaraq bu dəfə Polşanı “dişinə çəkməyə” hazırlaşır. Əslində ötən tur Belçikaya 1:6 hesabı ilə məğlub olmasına baxmayaraq, Polşanı qapazaltı hesab etmək olmaz. Doğrudur, 1970-1980-ci illərin Bonekli, Lyatolu və Şarmaxlı Polşası ilə müqayisədə bu komanda böyük turnirlərdə heç nə edə bilmir. Ancaq necə də olmasa Levandovski kimi hücumçusu olan millidən danışırıq. Mahir Emrelinin “Legiya”da məşqçisi olmuş Çeslav Mixneviçin gəlişindən sonra polyaklar inamlı təsir bağışlayır. Təsadüfi deyil ki, İsveç kimi dünya çempionatlarında müntəzəm olaraq “qeydiyyata düşən” komandanı bu dəfə çölün düzündə qoyaraq mundiala yollandılar.

Arxayınlıq “narıncılar”a baha başa gələ bilər. Təbii ki, yorğunluq amilini də vurğulamaq lazımdır. Amma Amsterdamdakı “Yohan Kroyff Arena”sı ilə müqayisədə Rotterdamda “De Kuip” stadionunda niderlandlılar daha parlaq oyun nüməyiş etdirir. Uelslə oyunda əsas heyətin bəzi üzvlərinə istirahət verən van Qal bu dəfə döyüşkən heyəti meydana buraxa bilər. Elə tarixi rəqabətə nəzər salsaq, statistika da niderlandlıların üzünə gülür. “Narıncılar” bu rəqibinə sonuncu dəfə 1979-cu ildə məğlub olub. Həmin vaxtdan sonra isə komandalar 10 dəfə qarşılaşıb. Son 5 görüşün hamısında Niderland qalib gəlib. 

Proqnozum: Niderland millisini rəqibini 2 və ya 3 top fərqi ilə məğlub edəcək. Polşalıların bir qol vuracağını da istisna etmirəm.

0