
“Qalatasaray” UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində keçirilən ilk matçda səfərdə “Ayntraxt”a 1:5 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Okan Buruk oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
“1:0-dan sonra rahat çıxış etməyə başladıq. İkinci qolu da çox asanlıqla vura bilərdik. İtalyan hakimin əleyhimizə verdiyi qərarlar çox oldu. İlk hissəyə baxanda, 3:0 və ya 4:1 hesabı ilə paltardəyişmə otağına gedəcəyimiz oyunda 1:3 geri düşdük. Futbolçularımla danışdım, amma oyunu tez əldən verdik. Sadə qollar buraxdıq. Oyunu izləyib səhvlərimizi analiz edəcəyik. İlk hissə ilə ikinci hissə arasındakı oyun qəbuledilməz idi. Bu cür məğlubiyyətlərin məsuliyyəti baş məşqçiyə aiddir. İlk hissədə doğru etdiyimiz məqamlar var idi. Daha yaxşısını etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. 36 komandadan ibarət qrupdan ilk 24-ə yüksələcəyik, bundan heç kimin şübhəsi olmasın".