
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Araz-Naxçıvan" - "Omoniya" matçından öncə meydan sahiblərinin futbolçusu Qara Qarayev mətbuat konfransında iştirak edib.
"Yaxşı tonusdayıq. Ötən oyundakı qalibiyyət bizə daha yaxşı əhval-ruhiyyə verib. Sabahkı matça tam heyətlə hazırıq. Yaxşı rəqiblə oynayacağıq. Son vaxtlarda toplanışda, əsas oyunlarda ən ciddi və təhlükəli rəqiblə qarşılaşacağıq. "Omoniya" müəyyən oyunlar haqda analiz götürmüşük. Dinamik və sürətli oynayan komandadır. Bütün fikrimiz sabahkı oyuna yönəlib. Əlimizdən gələni edəcəyik ki, ev amilindən istifadə edək, qalib gələk. Hər kəsi oyuna dəvət edirəm. Bizə daha da vacib olan azarkeş dəstəyidir. 12-ci oyunçu ilə sabah inamlı nəticə əldə edəcəyik".
- "Qarabağ"da "Omoniya"ya qarşı oynamısan. Rəqibi müqayisə etsən, hansı güclüdür?
- Ciddi fərq var. Yeni baş məşqçi "Omoniya"ya yeni fəlsəfə gətirib. Altyapıdan oyunçular cəlb edib. "Qarabağ"la oynadığımız "Omoniya" ilə indiki arasındakı fərq hücum xətti daha aktiv və bir-birini başa düşən olmasıdır. Hücum xətti və fəlsəfə tamam başqadır.
- "Araz-Naxçıvan" "Aris"i keçərək sürpriz etdi. "Omoniya" ilə matçda da favoritdir. Bu, sizə motivasiya verir?
- Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Klub olaraq hədəfimiz var. Bu hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik. Nə qədər alınıb-alınmayacağı oyun vaxtı görünəcək. Biz isə hər şeyi edəcəyik. Fərq klublarda, adlarda deyil. Ona çatmaq üçün hər şeyi edəcəyik. Futboldur da. Kağız üzərində favoritik.
- "Qarabağ"ın avrokuboklarda mərhələ keçdiyi ilk illərdə komandada oynamışdın. "Araz-Naxçıvan"da da eyni addımlar atılır. Bənzərlik hiss edirsiz?
- Əlbəttə, komanda yoldaşlarımla danışanda 2008-2009-cu illəri xatırlayıram. 2014-cü ilə qədər bir mərhələ, növbəti il iki raund keçmişik. Böyümək üçün zaman lazımdır. "Araz-Naxçıvan" olaraq qrupu istəsək, böyük təcrübə və zaman lazımdır. Bənzərlik var. "Qarabağ"ın ilk illərdə atdığı addımları biz də atmışıq. Növbəti illərdə də daha yaxşı, daha inamlı addımlar ataraq qrup mərhələsində oynamaq fürsəti əldə edərik.
- "Aris"lə oyundan öncə stadionda çox azarkeş yox idi, oyuna az qalmış stadion doldu. Sabah "Omoniya" ilə matçda daha çox azarkeş olacaq?
- İstər-istəməz ilk raundda kağız üzərində favorit görmürdülər. Bu da bir balaca inamsızlıq yaratmışdı. "Aris"lə görüşdə bizə qarşı qayğı artıb. Sabah bəlkə tribunalar dolacaq. Biz bunu gözləyirik. Azarkeşlərin stadiona gəlməsinin səbəbi qələbədir. İlk raundda bu inamı qazana bilmişik. İnanıram ki, sabah yaxşı və çox azarkeşimiz olacaq.
- Artıq ehtiyat qüvvəyə çevrilirsən...
- Qətiyyən. Ehtiyatda olsam da, əsas da oynasam, Elmar müəllimin yanında "Araz-Naxçıvan"a xidmət üçün varam.