Bu gün Parisdə cüdo üzrə “Böyük Dəbilqə”yə start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı fəxri kürsüdə yerlərini alıblar.
66 kq
Ruslan Paşayev startda Çannyeonq Kimi (Cənubi Koreya), ardınca Murad Çopanovu (İJF) məğlub edərək yarımfinala yüksəlib. Cüdoçumuz finala gedən yolda Valid Xyarla (Fransa) gücünü yoxlayıb. Paşayev bu dueldən qalib ayrılıb. O, finalda digər fransalı Daikii Bouba ilə qüvvəsini sınayıb. Yerli idmançını məğlub edən Ruslan çempion tituluna sahib çıxıb.
73 kq
Rəşid Məmmədəliyev ilk qarşılaşmasında Valtteri Olini (Finlandiya) mübarizədən kənarlaşdıb. O, 1/8 finalda Mixeil Baxbaxaşvilidən (Gürcüstan) də güclü olub. Cüdoçumuz 1/4 finalda Akil Qyakovaya (Kosovo) uduzub.
Məmmədəliyev təsəlliverici görüşdə Orlando Kasorlodan (Fransa) güclü olub. O, bürünc medal uğrunda Otari Kvantidze (Portuqaliya) ilə qarşılaşıb və qələbə qazanaraq fəxri kürsüdə yer alıb.
Qeyd edək ki, Fransanın paytaxtı Parisdə keçirilən turnir fevralın 2-də başa çatacaq.