Cüdoçularımız dünya reytinqində liderdir
05.08.2024 - 14:17
Cüdoçularımız dünya reytinqində liderdir

Olimpiya Oyunlarının cüdo yarışları başa çatdıqdan sonra ilk reytinq siyahısı açıqlanıb.

Apasport.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (İJF) Olimpiadanın nəticələrinin nəzərə alındığı dünya reytinqini dərc edib.

Millimizin aparıcı cüdoçuları liderlik mövqelərini möhkəmləndiriblər. Yay Oyunlarına qədər birinci yerdə olan Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) rəqibləri ilə fərqi daha da artırıblar.

Parisdə keçirilən Olimpiya Oyunlarından  öncə 17-ci olan Uşanqi Kokauri (+100 kq) dörd pillə irəliləyərək 13-cü yerdə qərarlaşıb. Balabəy Ağayev (60 kq) yeddinci yerdə qalıb, Yaşar Nəcəfov (66 kq) 10 pillə geriləyərək 21-ci, iki pillə geri düşən Zelim Tskayev (81 kq) isə səkkizincidir. Elcan Hacıyev (90 kq) isə iki pillə yüksələrək, Murad Fətiyevi bir addım qabaqlayaraq ilk "15-liy"ə düşüb.

Qadınların yarışında Leyla Əliyeva (48 kq) mövqeyini yaxşılaşdıraraq 22-ci pillədən 20-ci yerə yüksəlib. Gültac Məmmədəliyeva isə (52 kq) 4 pillə geriləməklə 27-ci yerdədir.

0