Elşad Quliyev: “Rəqiblər bizə qarşı güclü hazırlaşırlar”
21.05.2025 - 22:12
Elşad Quliyev: “Rəqiblər bizə qarşı güclü hazırlaşırlar”

Minifutbol üzrə dünya çempionatının ilk oyunları çərçivəsində Azərbaycan yığması Bəhreynlə 1:1 hesablı heç-heçə edib.

Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Elşad Quliyev jurnalistlərin suallarını cavablandırıb:

"Mən demişdim də, birinci oyun çox çətindir. Evdə oynayırdıq. İlk matç çətin oldu. Meydança amili də var idi. Rəqiblər də bizə qarşı güclü hazırlaşırlar. Artıq bu oyun geridə qaldı. Növbəti oyunlara baxacağıq. Uğurlu nəticə qazanaraq qrupdan birinci çıxmaq istəyirik".

- İlk oyunun belə çətin keçməsi komandaya müsbət təsir edə bilər ki, rəqiblər bizə qarşı çox ciddi hazırlaşır? 
- Doğrudur. Avropa çempionu olan vaxtı da ilk matçda rumınlara uduzmuşduq. Sonradan yığışıb daha yaxşı oynadıq. Deməzdim ki, Bəhreynə qarşı pis oynadıq. Yaxşı oynadıq, epizodlarımız oldu. Öz səhvimizdən qol buraxdıq. Vaxtımız var. İşləyəcəyik. Daha yaxşı hazırlaşıb, qələbə qazanmaq istəyirik.

- Ramiz Çovdarovun milliyə dəvət edilməsi bir çoxları üçün sürpriz oldu. Çünko spnuncu dəfə bir il əvvəl "Zirə"nin heyətində görünmüşdü... 
- Ramiz Almaniyada yaşayır, orada oynayır. Bizə lazımlı oyunçudur, solaxay futbolçudur. İnanıram ki, özünü yaxşı tərəfdən göstərəcək.