
Azərbaycanda keçiriləcək III MDB Oyunları çərçivəsində Gəncə və Qəbələ şəhərlərində azarkeşlər üçün fan zonalar təşkil olunacaq.
Apasport.az xəbər verir ki, Gəncədə əyləncə zonası şəhərin İcra Hakimiyyəti binasının qarşısında, Qəbələdə isə Heydər Əliyev parkında qurulacaq.
Fan zonalar həm yerli sakinlər, həm də qonaqlar üçün idman, əyləncə və mədəni proqramlarla zəngin bir məkan olacaq.
Əyləncə zonalarının konseptinə səhnə, interaktiv oyun zonaları, foto zonalar, maskotlarla görüşlər, qida və içki stendləri, uşaq və incəsənət küncü, idman zonası, eləcə də DJ və musiqi proqramları daxildir.
Proqram gün ərzində müxtəlif saatlara bölünəcək. Fan zonalar səhər saatlarından gecə saatlarınadək davamlı olaraq hər kəsə bayram ab-havası yaşadacaq.
Qeyd edək ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.