“Onun da əlində qumbara var, mənim də”.
“Apasport”un əməkdaşının məlumatına görə, bu sözləri azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziev deyib.
O, Castin Qetcinin çempionluq kəmərinə sahib çıxmasına reaksiya bildirib: “Qetcinin çıxışı mənə yaxşı enerji, motivasiya vermişdi. Onunla iki döyüş keçirmişik. Castini yenidən görmək xoş olardı. Məktəb zamanı olduğu kimi, öncə dalaşırsan, sonra dost olursan”.
Fiziev rəqibini dəyərləndirib: “Rəqibim ucaboydur. Topladığım təcrübəni bu döyüşdə göstərəcəm. Onun zəif tərəflərini bilirəm. Bu, mənim 4-cü 5 raundluq döyüşümdür. Mübarizə davam etdikcə bir-birimizi daha yaxşı tanıyacağıq. Döyüşə tam hazıram. İrəliyə doğru əmin addımlarla gedəcəm”.
Təmsilçimiz hər zaman taxdığı papaqdan və pəhrizdən danışıb: "Pəhriz tutmaq döyüşdən daha çətindir. Avstraliyada keçirilən son döyüşdə papağı evdə unutdum. Onu mənə Aqşin Babayev hədiyyə edib. Papaq mənim üçün kimlikdir".
Qeyd edək ki, UFC Bakı tədbiri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.