
Yaponiyanın Osaka şəhərində baş tutan “Sumo Expo 2025” tədbirində 2026-cı ildə Bakı keçiriləcək sumo üzrə dünya çempionatının təqdimatı keçirilib.
Apasport.az xəbər verir ki, expoda iştirak edən 158 ölkədən yalnız beşi – Azərbaycan, Ukrayna, Monqolustan, Seneqal və Yaponiyadan olan peşəkar idmançılar, rəsmi nümayəndələr ilə tədbirdə bir araya gəliblər.
Tədbirin əsas məqsədi 2026-cı ildə Bakıda keçiriləcək Sumo üzrə Dünya Çempionatının təbliği və bu yarışa qlobal marağın artırılması olub.
Azərbaycanı sərgidə Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası təmsil edib. Assosiasiyanın vitse-prezidenti Ülvi Ağamirov sərgidə çıxış edərək çempionatın rəsmi PR videosunu təqdim etməylə yanaşı, maskot AZUMO-nu ictimaiyyətə tanıdıb və hər kəsi Bakıya dəvət edib.
Həmçinin Azərbaycanın Yaponiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Gürsel İsmayılzadə, Osaka Expo Azərbaycan Pavilyonunun direktoru Əvəz Muradov və onun komandası da tədbirdə iştirak etdilər. Diqqət çəkən məqamlardan biri də Yaponiyanın ən nüfuzlu 12 universiteti arasında keçirilən sumo çempionatında Azərbaycan Sumo yığmasının üzvü Cavid Yusifovun iştirak etməsi oldu. O, açıq çəki kateqoriyasında ilk görüşündə Yaponiya universitetləri üzrə çempion olmuş rəqibini məğlub edərək, ölkəmizi böyük fəxrlə təmsil edib.