Selcan Mahsudova: “Olimpiya medalını qazanmaq əsas hədəfimdir”
25.09.2025 - 11:40
Selcan Mahsudova: “Olimpiya medalını qazanmaq əsas hədəfimdir”

Azərbaycan batut gimnastikası milli komandasının üzvü, 2022-ci ildə Dünya Kubokunun gümüş, 2023-cü ildə Dünya Çempionatının bürünc medalçısı, dəfələrlə Dünya Kuboku mükafatçısı və 2024-cü ildə ölkəmizə bu idman növündə ilk Olimpiya lisenziyasını qazandıran Selcan Mahsudova Apasport.az saytına müsahibə verib.

- Selcan, ilk öncə Almaniyada keçirilən Dünya Kuboku barədə təəssüratlarını bilmək istərdim. Dünya rekordunu yenilədin. Bu, həm Azərbaycan, həm də sənin üçün böyük uğurdur. Turnirdən əvvəl bunu bacaracağını düşünürdün?
- Qardaşımla birlikdə sinxron çıxışda qazandığımız nəticə mənim üçün daha da sevindirici oldu. Himnimizin səslənməsi qürurverici bir an idi. Dünya rekordu qırmaq isə karyeramda qoyduğum əsas hədəflərdən biri idi və buna nail oldum. Amma bu, sadəcə başlanğıcdır. Qarşıda daha böyük planlarımız var.

Sən Azərbaycanı batut gimnastikası üzrə ilk dəfə Olimpiadada təmsil etmisən. Necə düşünürsən, bu uğurlu nəticələrin ardı gələcəkmi? İlk Olimpiada medalımızı qazanacağına inanırsanmı?
- Hazırda komanda olaraq ən böyük məqsədlərimizdən biri 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadaya lisenziya qazanmaqdır. Üç lisenziya şansımız var və onları dəyərləndirmək üçün əlimizdən gələni edəcəyik. Medala gəldikdə isə, əlbəttə ki, əsas hədəfim Olimpiya medalını qazanmaqdır və inanıram ki, buna nail olacağam.

- Gələcək planların barədə nə düşünürsən? Özünü gələcəkdə məşqçi kimi görürsən, yoxsa karyeranı yalnız idmançı kimi davam etdirmək fikrindəsən?
- Gələcək planlarımdan hələ danışmaq istəmirəm. Çünki hazırda bütün diqqətimi idman karyerama yönəltmişəm.

Batut gimnastikasına necə başlamısan? Kim sənə bu idman növünü sevdirmişdi?
- Batut gimnastikasına mən tamblinqdən keçmişəm. Bu idman növü mənə maraqlı gəldiyi üçün ona sevgi yaranıb.

- Karyeranda ən uğurlu hesab etdiyin an hansıdır?
- Paris 2024-də qazandığım lisenziya mənim üçün böyük motivasiya oldu.

İndiyədək bir çox uğur qazanmışsan. Bəs karyeranda ən çox nail olmaq istədiyin zirvə hansıdır?
- Bütün idmançıların əsas arzusu Olimpiya medalçısı olmaqdır. Mən də istəyirəm ki, Olimpiya medalım olsun və bunun üçün daim çalışıram.

Hər idmançının bir kumiri olur. Bəs sənin kumirin kimdir?
- Öz idman növümdə kumirim ikiqat Olimpiya çempionu Rozanna Maklenandır. Amma ümumilikdə ən çox hörmət etdiyim və nümunə götürdüyüm idmançı Kriştiano Ronaldodur.

- İdman yolunda sənə ən böyük dəstək kim olub?
- Ən böyük dəstəkçim məşqçimdir. Çünki bu yola onunla birlikdə başlamışıq və birgə irəliləyirik. Ailəm də mənə həmişə dəstək olur. Qardaşımla birlikdə məşq edib yarışlarda iştirak etməyimiz isə mənim üçün əlavə güc və motivasiya mənbəyidir.

Gimnastikaya yeni başlayan idmançılara hansı tövsiyələri verərdin?
- Yeni başlayanlara tövsiyəm odur ki, tənbəl olmasınlar və daim öz üzərlərində işləsinlər. Çünki uğurun açarı məhz bundan ibarətdir.