Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün sərbəst güləşçilər mübarizəyə qoşulacaq.
Azərbaycanın beş idmançısı - İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (97 kq) xalça üzərinə çıxaraq qüvvələrini sınayacaqlar.
Eyni zamanda, gün ərzində Azərbaycanın daha üç qadın güləşçisi də bürünc medal uğrunda qarşılaşmalara çıxacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova Avropa çempionatında üçüncü yer uğrunda mübarizə aparacaqlar.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Azərbaycanın yunan-Roma güləşi millisi komanda hesabında birinci olub. Qadınlardan isə Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.