Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə keçirilən Avropa çempionatının ilk medal günü Azərbaycan yığması üçün uğurlu alınmayıb.
Apasport.az saytının məlumatına görə, bir gün əvvəl finala yüksələn 4 sərbəst güləşçimizdən 3-ü həlledici görüşdə məğlub olub.
Pəhləvanlarımız günü 1 qızıl, 3 gümüş medalla başa vurublar.
Milli üzvlərindən Əliabbas Rzazadə (57 kq) finalda Vladimir Yeqorovla qarşılaşıb. Pəhləvanımız debütündə şimali makedoniyalı rəqibinə 6:8 hesabı ilə uduzaraq, gümüşlə kifayətlənib.
65 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev 4-cü dəfə qitə birinciliyində final görüşünə çıxıb. O, titul yolunda İsmayıl Musikayevlə üz-üzə gəlib. Təəssüf ki, idmançımız 4-cü Avropa çempionluğuna yiyələnə bilməyib. Macarıstan təmsilçisinə vaxtından əvvəl uduzan (1:12) Hacı aktivinə gümüş medal yazdırıb.
79 kq-dakı təmsilçimiz Əşrəf Aşırovun da final dueli uğursuz alınıb. O, həlledici görüşdə yunanıstanlı Georgios Kuqiumtsidisə 6:7 hesabı ilə uduzaraq, çempionluq şansını əldən verib.
Bu gün xalçaya çıxan komandamızın yeganə legioneri Maqomedxan Maqomedov (97 kq) finalda Macarıstan təmsilçisi Vladislav Baytsayevlə güləşib. Digər pəhləvanlarımızdan fərqli, Maqomedov üçün həlledici duel uğurlu alınıb. O, meydan sahibinə 11:5 hesabı ilə qalib gələrək, Avropa çempionu tituluna yiyələnib.
Bir gün öncə yarımfinalda uduzan Zirəddin Bayramov (70 kq) isə bürünc medal əldə etmək şansından da yararlana bilməyib. O, üçüncülük uğrunda Ramazan Ramazanovla qarşılaşıb. Təmsilçimiz hesabda 7:11 geridə olarkən zədələnərək mübarizəni davam etdirə bilməyib və nəticədə medalsız qalıb.
Qeyd edək ki, sərbəst güləşçilərin bu gün baş tutan qarşılaşmalarından sonra Azərbaycan millisinin daha 3 üzvü medal şansını davam etdirib. Onlardan Abubakr Abakarov (86 kq) qızıl, Turan Bayramovla (74 kq) Osman Nurmaqomedov (92 kq) bürünc mükafat uğrunda sabah xalça üzərinə çıxacaq.
- III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib - Sərəncam
- Azərbaycan Karate Federasiyası "Apasport" İdman Agentliyini mükafatlandırıb
- Qılıncoynadanımız Estoniyada bürünc medal qazanıb
- İdmançılarımız İtaliyada keçirilən Dünya Kubokunda iştirak ediblər
- Snoubord yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib