Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədova həsr olunan sənədli filmin təqdimat mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, “Motivator Azerbaijan” layihəsində hazırlanan film “Park Cinema Flme Towers”də təqdim olunub.
"Fariz boxer" filmi hazırda “Qəbələ” İdman Klubunun boks bölməsinin rəhbəri olan dünya və Avropa çempionunun həyatı və uğur hekayəsindən bəhs edir. Burada Ağdamdan olan veteran boksçu uşaqlıq illərindən, cəmi 12 yaşı olarkən Milli Qəhrəman Allahverdi Bağırovun batalyonuna getməsindən, ardınca Bakıda qaçqınlıq həyatı barədə ətraflı məlumat verib. İdmana doğulduğu şəhərdə sərbəst güləşlə başlayan Məmmədov paytaxtda çətinliklə də olsa karate və kikboksinqlə məşğul olduğunu vurğulayıb. O, filmdə peşəkar boksda dünya çempionu titulu qazandıqdan sonra azadlıqdan məhrum edilməsindən və yenidən qayıdışından da danışıb.
Təqdimat mərasimində sabiq boksçunun özü ilə yanaşı, "Qəbələ"nin prezidenti Fariz Nəcəfov, xalq artisti Alim Qasımov, həmçinin digər qonaqlar iştirak ediblər.
Filmin nümayişindən sonra Məmmədov səhnəyə dəvət olunub. O qeyd edib ki, istədiyi hər kəs burdadır: “Əsas çempionluq deyil, ən böyük uğur sizinlə burada birlikdə olmaqdır”.
Məmmədov qeyd edib ki, təqdim olunan filmin çəkilişinin tərəfdarı olmayıb: “Filmin çəkilişi ilə bağlı bir neçə dəfə zəng olundu, amma yubadırdım ki, çəkilməsin. Bu işə ürəklə yanaşdıqlarını gördüyümdən çiyin-çiyinə çalışıb yardım etdim. Sizi bir daha yormayacağam. Bu, mənim son çıxışımdır”.
Xalq artisti də film haqda xoş sözlər söyləyib. Qasımov bildirib ki, film əla alınıb və yaşadığı həyatı gözəl ifadə edib.
Çıxış edən digər qonaqlar da Fariz Məmmədovun karyerasını və "Fariz boxer"u uğurlu adlandırıb.