Bakıda səfərdə olan Qazaxıstanın Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziyevin mətbuat konfransı keçirilib.
Apasport.az saytının məlumatına görə, Bakı Gənclər Mərkəzində təşkil olunan tədbirdə çıxış edən 29 yaşlı idmançı təəssüratlarını bölüşüb.
O, Azərbaycana ilk səfəri barədə bunları deyib: “Bura gəldiyim üçün çox xoşbəxtəm. Bura gəlməyi çoxdan arzulayırdım. Bakı gözəl, təmiz şəhərdir. Burada dərhal doğmalıq hiss etdim. Müsbət emosiyalar var”.
- Səfər kim tərəfindən təşkil olunub?
- Gənclər və İdman Nazirliyi tərəfindən dəvət olundum. Burada dostlarımız var, onların vasitəsilə əlaqə saxlamışdıq. Azərbaycana gəlmək çoxdankı arzum idi. Çünki burada olmamışdım. Ölkəmizi görməyi çox istəyirdim.
- Koronavirusa görə son döyüşü buraxmalı oldunuz. Özünüzü necə hiss edirsiniz?
- Bəli, koronavirusa yoluxmuşdum. Artıq bərpa olunmuşam, hər şey normaldır. Əsas mərhələyə hazırlaşıram. İyunda titul üçün döyüşə çıxacağam. Mənim gücümü qəfəsdə görəcəklər.
- Azərbaycanda döyüş keçirmək planınız yoxdur?
- Planlar çoxdur. MMA azarkeşləri çoxdur. Amma bu məndən asılı deyil.
- Azərbaycan döyüşçülərin MMA-da iştirak potensiallarını necə görürsünüz?
- Azərbaycanda yaxşı idmançılar var. Bunun üçün güclü baza lazımdır. Yaxşı güləşçilər, cüdoçular var. Hansı ki, onlar kifayət qədər titullar qazanıblar. Tofiq Musayev, Nəriman Abbasov kimi idmançıların adlarını çəkə bilərəm. Onlar Rusiyada çox qələbələr qazanıblar. İnanıram ki, bu idman növü Azərbaycanda inkişaf edəcək.
Qeyd edək ki, Rafael Fiziyev Bakıya səfəri çərçivəsində aprelin 14-də RENZO QRACIE Akademiyasında master klass keçəcək.