Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.
Apasport.az saytının məlumatına görə, yarışın 6-cı günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Bu gün xalçaya çıxan təmsilçilərimizin hər biri yarışa 1/8 finaldan başlayıb. Pəhləvanlarımızdan 1-i finala yüksəlib, 4-ü isə bürünc medal uğrunda mübarizə aparacaq.
Murad Məmmədov (60 kq) ilk görüşdə ispaniyalı Daniel Bobilloya tam üstünlüklə qalib gəlib - 8:0. Məmmədov 1/4 finalda moldovalı Vitali Yeriomenkonu yolundan kənarlaşdırıb - 6:1. Lakin Murad yarımfinalda türkiyəli Kerem Kamala məğlub olub (0:8). Təmsilçimiz bürünc medal uğrunda mübarizə aparacaq.
Həsrət Cəfərov (67 kq) 1/8 finalda almaniyalı Vitalis Lazovskidən güclü olub - 9:1. Cəfərov növbəti mərhələdə polşalı Mateuş Bernateki 5:2 hesabıyla məğlub edərək adını yarımfinala yazdırıb. Həsrət də finalın bir addımlığında dayanıb. Onun önünü Türkiyənin digər təmsilçisi Murat Firar kəsib - 0:2. Güləşçimiz bürünc medal görüşünə çıxacaq. O, serbiyalı Sebastian Nedlə münasibətlərinə aydınlıq gətirəcək.
Ülvü Qənizadə (72 kq) ilk görüşdə almaniyalı Samuel Belşeidi xalçadan məyus yola salıb - 5:1. Qənizadə 1/4 finalda bolqar Deyvid Dimitrovla mübarizə aparıb. Qarşılaşmanın gedişində 0:4 hesabıyla geridə olan pəhləvanımız möhtəşəm geri dönüş edərək tam üstünlüklə qalib gəlib - 13:5. Lakin Ülvünün də final arzusu gerçəkləşməyib. Yarımfinalda gürcü Şmaqi Bolkvadzeyə (1:4) yenilən güləşçimiz Murad və Həsrət kimi, sabah 3-cü yerə iddia edəcək.
Rafiq Hüseynov (82 kq) startda çexiyalı Petr Novakı 5:1 hesabıyla üstələyib. Hüseynov 1/4 finalda macar Tamaş Levayla qarşılaşıb. Görüşün taleyini təcrübəli pəhləvanımızın ilk hissədə etdiyi uğurlu fənd müəyyənləşdirib - 2:0. Rafiq komanda yoldaşlarından fərqli, yarımfinal səddini aşmağı bacarıb. Moldovalı Mixail Braduya 3:1 hesabı ilə qalib gələn Hüseynov finala yüksəlib. Həlledici dueldəki rəqib Gela Bolkvadze (Gürcüstan) olacaq.
Murat Lokyayev (97 kq) 1/8 finalda finlandiyalı Arvi Savolaynenlə bacarmayıb - 1:7. Ancaq rəqib finala yüksəldiyi üçün millimizin üzvü 3-cü yer uğrunda mübarizə aparmaq şansı əldə edib. Lokyayev təsəlliverici görüşdə yunan Laokratis Kesidislə qarşılaşacaq.
Qeyd edək ki, medal uğrunda görüşlər sabah keçiriləcək.
- III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib - Sərəncam
- Azərbaycan Karate Federasiyası "Apasport" İdman Agentliyini mükafatlandırıb
- Qılıncoynadanımız Estoniyada bürünc medal qazanıb
- İdmançılarımız İtaliyada keçirilən Dünya Kubokunda iştirak ediblər
- Snoubord yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib